7 C
Baku
Thursday, December 12, 2024

“Mən heç vaxt heç kimə tabe olmamışam” – Qautam Adani milyardlarını necə qazandı?

Bir qədər əvvəl Asiyanın ən varlı adamı olan Qautam Adani Hindistanın baş naziri Modi ilə uzunmüddətli əlaqələri sayəsində milyardlar qazandı. İndi onun sərvəti korrupsiya və səhmlərin manipulyasiyası ilə bağlı ittihamlar fonunda günü-gündən azalır.

Yanvarın 25-i çərşənbə günü hindli milyarder Qautam Adani aktivist investisiya şirkəti “Hindenburg Research” ona məxsus olan şirkətlər qrupu haqqında kütləvi fırıldaqçılıq və səhmlərin manipulyasiyası ilə bağlı 100 səhifəlik hesabat dərc etdikdən sonra 6.5 milyard dollar yoxsullaşıb. Şirkət Adanini korporasiyalar tarixində ən böyük fırıldağı həyata keçirməkdə təqsirləndirilib.

Universiteti atıb atasının tekstil mağazasında işləməkdən imtina edən və 1988-ci ildə əmtəə ticarəti firması quran 60 yaşlı Adani Hindistanın baş naziri Narendra Modinin çoxdankı müttəfiqidir. Adani Modi ilə əlaqə qurmaqla paralel olaraq öz təsirini gücləndirir və hazırda Hindistan iqtisadiyyatının əsas seqmentlərinə nəzarət edir. O, həmçinin ölkənin ən böyük hava limanının operatorudur və yeddi ictimai şirkət vasitəsilə elektrik enerjisi, sement və yaşıl enerji sahəsində aktivlərə sahibdir. Keçən il birjaların çökməsi bütün dünyada bir çox sərvətə zərbə vurduğu halda, Adani 2022-ci ildə bütün digər milyarderləri geridə qoyaraq 55 milyard dollar varlanıb.

2014-cü ildə “Forbes Asia”nın dərc etdiyi “Modinin hakimiyyəti altında Qücəratda necə biznes qurmaq olar” adlı hekayəni sizlərə təqdim edirik.

Hindistanlı milyarder Qautam Adaninin oğlu 2013-cü ildə dənizkənarı Qoa əyalətində evlənərkən qonaqlar siyahısına ölkənin ən varlı adamları ilə yanaşı tanınmış menecerlər, bankirlər və məmurlar da daxil idi. Bir çoxları yeni evlənənləri uzaqdan təbrik etdi və mərasimə gəlmədi. Lakin bir şəxs var ki, ilk dəqiqədən son dəqiqəyə kimi şənlikdə oturdu. O, mərd və xoşxasiyyətli idi. Bu, Adaninin vətəni olan Qücəratın naziri Narendra Modi idi.

150 milyard dollarlıq sərvətə sahib olan Adani indi Hindistanın ən böyük hava limanını, enerji şirkətini və xammal biznesini idarə edir. Onun aktivlərinin böyük hissəsi Qücəratda cəmlənib.

2005-ci ildə Adani hökumətdən Qücəratın Kaç körfəzindəki Mundra adlı bölgədə 7350 hektar ərazini icarəyə götürdü. “Forbes Asia” nəşrinin dərc etdiyi sənədlərə əsasən, iş adamı bir kvadrat metri 0.01 – 0.45 sent arasında dəyişən qiymətə aldı və sonra digər şirkətlərə 11 dollar qiymətinə subicarəyə verməyə başladı.

Hindistan qanunlarına görə, mal-qaranın otarılması üçün nəzərdə tutulan torpaqlar yalnız belə torpaqların çox olduğu halda başqa məqsədlər üçün istifadə edilə bilər. Adanı xüsusi iqtisadi zonasında yerləşən kəndin sakinləri deyirlər ki, kəndin əvvəlki başçıları örüş sahələrini gizli şəkildə veriblər.

6
“Adani Group”un Əhmədabaddakı ofisi.

Bu ucuz torpaqda Adani yüklərin həcminə görə ölkənin ən böyük özəl limanını, həmçinin 4620 meqavatlıq kömürlə işləyən elektrik stansiyasını tikdi.

Qeyd etmək lazımdır ki, milli seçkilərdə Modi Qücəratın idarə edilməsi təcrübəsinə əsaslanaraq özünü Hindistan iqtisadiyyatının dirçəlişinin simvolu kimi təqdim etmişdi. Fevral ayında o, Hindistanda daha böyük biznes rəqabətinin faydalarını vurğulayan bir çıxış etmişdi.

Ən son məlumatlara görə, Qücəratın ÜDM-si Modinin dövründə orta illik 13.4% artaraq, eyni dövrdə qeydə alınan 7.8% artım tempini üstələyib. Modinin siyasəti sayəsində dövlət avtomobil sənayesi və günəş enerjisi kimi sektorlara investisiya cəlb edib. O, yağış suyunun toplanması və suvarılmada istifadə edilməsi sayəsində böyük irəliləyişlərə nail olub. Müqayisə üçün qeyd edək ki, son üç ildə Hindistanda elektrik enerjisi kəsiri orta hesabla 9% təşkil edib, baxmayaraq ki, hazırda bu rəqəm yüksəlir.

“Adani Group” 1988-ci ildə yaradılıb və 1994-cü ildə ictimaiyyətə təqdim edilib. Bununla belə, onun inkişafının böyük hissəsi Modinin Qücəratdakı hakimiyyəti dövrünə düşür. Bu müddət ərzində şirkət sabit kömür təchizatını təmin etmək üçün İndoneziya və Avstraliyada şaxtalar alır və Mundrada Asiyanın ən böyük kömür idxalı terminalını qurur. 2011-ci ildə şirkət Kvinslenddəki kömür terminalı olan “Abbot Point”i 2 milyard dollara alaraq Avstraliyadakı mövqeyini daha da möhkəmləndirir. Bu yolda o, 2011-ci ildən bəri həcmini iki dəfədən çox artıraraq çoxlu borc (13 milyard dollar) yığır.

Qücəratın hər hansı başqa bölgəsində heç bir şirkət Adani kimi ucuz torpaq ala bilməsə də, Modi hakimiyyətinin fəaliyyətindən hamı faydalanırdı. Modi seçki kampaniyasında korrupsiyalaşmış kapitalizm haqqında nə qədər danışsa da, ətraf mühitə dəyən zərərdən və fermerlərin hüquqlarından narahat olmurdu.

Martın əvvəlində Lakhnau şəhərində keçirilən siyasi mitinqdə Modi fermerlərin onun dostları olduğunu deyərək, “heç kimə xəzinəni talan etməyə icazə verməyəcəyini” bəyan edir.

Lakin Kaç kəndlərinə baş çəksəniz, tamam başqa mənzərə ilə qarşılaşacaqsınız. Əvvəllər buralar tennis topundan bir qədər kiçik olan sapodilla meyvəsi, həmçinin əncir, kokos və gənəgərçək lobyası ilə məşhur idi. Yerli fermerlər məhsuldar mövsümlərin keçmişdə qaldığını deyirlər. Görünür, 2006-cı ildən sonra rəsmi statistika yoxdur. “Adani Power” və “Tata Power Co.” stansiyalarından gələn kül və duzlu su məhsulu korlayırdı, uzunmüddətli perspektivdə isə torpağı daha az münbit edirdi.

Navinal kəndinin 28 yaşlı başçısı Sinx Jadeja Qücərat hökumətinin təxminən 930 770 kvadrat metr otlaq sahəni Adaniyə kvadrat başına 19 sentə satdığını deyir. Bir neçə tarladan keçən Jadeja vurğulayır ki, əvvəllər o, pambıq, darı və gənəgərçək əkib. İndi isə fermaları ağ duz basıb. “Duzlu su torpağı məhv edir, buna görə də məhsul yetişdirmək üçün səy göstərməyə dəyməz”, – gənc fermer qeyd edir.

15 min əhalisi olan Zarapara regionun ən böyük kəndlərindən biridir. Hökumət Adaniyə 400 hektar otlaq sahəsinin hər kvadratını təxminən 19 sent qiymətə satanda, fermerlər Hindistan Ali Məhkəməsinə müraciət etdilər. “Adani Group” məhkəmə qərarını qabaqlayaraq, kənd sakinləri ilə barışıq müqaviləsi bağladı, onlara 160 hektar otlaq sahəsi təklif etdi. Lakin bu vəd də yerinə yetirilmədi.

Əvvəllər Zarapara öz sapodillaları ilə məşhur idi. Təsərrüfatı “Adani” elektrik stansiyasından beş kilometr aralıda olan Naran Qadavi deyir: “Mövsüm ərzində bu kənd bazara hər gün beş yük maşını məhsul göndərirdi. İndi amma məhsulumuz kiçik furqona sığır”.

30 yaşlı Qadavi məhsuldarlığın azalmasını qrunt sularını çirkləndirən və tozlamanı pozan “Adani” elektrik stansiyasının buraxdığı duzlu su və küllə əlaqələndirir. O, ağ köynəyə işarə edərək deyir: “Əvvəllər paltarlarımız tozcuqlardan saralırdı. İndi amma şehin ağaclardan tökülməsi ilə yer küldən qaralır”.

Fermerlərin hüquqlarını müdafiə edən vəkil iddia edir ki, Modi torpağı belə ucuz qiymətə verməklə dövlət xəzinəsini gəlirdən məhrum edir. “Məhdud resurslarla bu subsidiya büdcəni azaldır və bu, ədalətli bölgüyə birbaşa təsir göstərir, çünki indi bərabərsizliyi düzəltmək üçün kifayət qədər resurs yoxdur”.

Ətraf mühitə dəyən ziyanla bağlı illərlə şikayətlərdən sonra Federal Ətraf Mühit Nazirliyi, nəhayət, 2012-ci ildə məsələyə baxmaq üçün ekspertlər qrupunu – Sunit Narayn komitəsini təyin etdi.

Elektrik stansiyası bir kanaldan minlərlə litr dəniz suyunu boşaldır. Yığılan su çəndə saxlanılır, oradan turbinlərə daxil olur, elektrik enerjisi əmələ gəlir və oradan geri tökülür.

“Adani Group”un sözçüsü sual-cavab e-poçtunda şirkətin dövlətə məxsus torpaqları müəyyən edilmiş prosedurlara uyğun olaraq əldə etdiyini və sonrakı təkmilləşdirmələrə qədər tətbiq olunan qiymətləndirmələrdən istifadə etdiyini açıqlayıb. “Tikintidən əvvəl və sonra torpağın qiymətini müqayisə etmək tamamilə yanlış olardı, belə ki, sahibkar tikintiyə böyük məbləğdə sərmayə qoymaq riskini öz üzərinə götürür və kommersiya təşəbbüsü uğursuz olarsa, bütün nəticələri inşaatçı özü ödəyir”.

“Adani Group” duzlu su sızmasının yeni bir hadisə olduğunu və elektrik stansiyanın uçucu külün yayılmasının qarşısını almaq üçün müvafiq texnologiya tətbiq etdiyini dedi. Budan əlavə, “Adani” Sunita Narayn komitəsinin nəticələrini rədd etdi və bildirdi ki, hər hansı tikinti ətraf mühitə təsir etsə də, şirkət müsbət təsirlərin qalib gəldiyinə əmindir.

Müasir Hindistanda və başqa ölkələrdə hökumətlərin qüdrətli şəxslərə, xüsusən də ucqar ərazilərə investisiya cəlb etmək üçün bir sıra imtiyazlar təklif etməsi qeyri-adi hal deyil. Artıq deyildiyi kimi, Adani Modinin bəyəndiyi yeganə şəxs deyil.

“Adani” stansiyasından bir neçə kilometr aralıda yerləşən 4000 meqavat gücündə “Coastal Gujarat Power” elektrik stansiyası ətrafında da oxşar sosial dinamika yaranır. 43 yaşlı Davud Umra Caam 5 ildir ki, bu ərazilərdə balıq tutur. Son bir neçə ayda onun ovu 60% azalıb və əlbəttə ki, Davud elektrik stansiyasını günahlandırır. Ərazidə fəaliyyət göstərən və MASS kimi tanınan balıqçılar həmkarlar ittifaqının məlumatına görə, stansiya dəniz suyunu götürəndə balıq balalarını da sorur ki, bu da onları dərhal öldürür.

Altı nəfərlik ailəsi ilə Taqadidə yaşayan Caam torlarını düzəltmək və ümumiyyətlə hazırlaşmaq üçün balıq ovu mövsümü başlamamışdan əvvəl təxminən 2000 dollar kredit götürür. O, hər il krediti ödəmək üçün kifayət qədər pul qazandığını və təxminən 750 dollar ayırdığını söyləyir. Lakin indi vəziyyət dəyişib.

5
Taqadi kəndi.

Bu arada Adani üçün məsələnin hüquqi tərəfi daha da qəlizləşdi. 2011-ci ildə Navinal kəndinin sakinləri, o cümlədən başçıları Jadeja Qücərat Ali Məhkəməsinə müraciət etdilər. Yanvar ayında məhkəmə elektrik stansiyanı qeyri-qanuni elan etdi və orada fabriklər qurmuş şirkətlərə bütün fəaliyyətlərini dayandırmaq göstərişini verdi. Bunun səbəbi elektrik stansiyanın ekoloji icazə olmadan fəaliyyətə başlaması oldu. Hindistan qanunlarına görə, belə böyüklükdə bir layihə üçün Federal Ətraf Mühit Nazirliyinin icazəsi lazımdır.

Baş nazir seçkilərinin 7 aprel tarixinə təyin olunduğu bir vaxtda federal hökumət faktiki olaraq bu qərarı qəbul edə bilmir. Nəticə etibarı ilə layihənin taleyini növbəti hakimiyyətə kim gələcəksə o həll edəcək ki, bu da Modi administrasiyası ola bilər.

Son xəbərlər
Digər xəbərlər