13 C
Baku
Friday, November 22, 2024

Mənbə: 2024-cü ildə Azərbaycanın Türkmənistandan qaz idxal etməsinə ehtiyac olmaya bilər

Aşqabadla İran ərazisindən svop qaz tədarükü ilə bağlı razılaşma uzadılmasa, Azərbaycanın 2024-cü ildə Türkmənistandan qaz idxal etməsinə ehtiyac olmaya bilər. Bu barədə neft-qaz bazarındakı mənbə məlumat verib.

İran Milli Qaz Şirkəti (NIGC) bildirib ki, Türkmənistandan Azərbaycana İran ərazisi ilə svop qaz tədarükü müvəqqəti dayandırılıb və Bakı ilə Aşqabad arasında yeni saziş əldə edildikdən sonra bərpa olunacaq.

“Nəzərə alsaq ki, 2024-cü ildə Azərbaycanda daxili bazara ilk növbədə, “Ümid” və “Abşeron” qaz-kondensat yataqlarından əmtəəlik qazın tədarükünün əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır, Türkmənistandan qaz idxalına ehtiyac olmaya bilər”, – deyə mənbə hesab edir.

Onun sözlərinə görə, “Ümid” yatağından qaz hasilatı yeni hasilat quyularının istismara verilməsi hesabına artırılır. 2024-cü ildə bu yataqda illik qaz hasilatı 2023-cü ildəki təxminən 2 milyard kubmetrlə müqayisədə 3 milyard kubmetr həcmində gözlənilir.

Mənbə qeyd edib ki, “Abşeron” yatağından qaz hasilatı cari ildə pik səviyyəyə çataraq 2023-cü ildəki 0.7 milyard kubmetrlə müqayisədə 1.5 milyard kubmetr təşkil edəcək.

“Bu qaz həcmləri daxili bazara digər yataqlardan (SOCAR, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bloku tərəfindən – İF) qaz tədarükü (ümumilikdə təxminən 17 milyard kubmetr) ilə yanaşı, Azərbaycanda qaza olan tələbatı tamamilə ödəməyə və Gürcüstana tədarüklə bağlı müqavilə öhdəliklərini yerinə yetirməyə imkan verəcək”, – deyə mənbə qeyd edir.

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63.6 milyon kubmetr, o cümlədən əmtəəlik qaz hasilatını 36 milyard 779.6 milyon kubmetr həcmində proqnozlaşdırır.

2022-ci ildə Azərbaycanın daxili bazarında qaz istehlakı 14 milyard kubmetrə yaxın təşkil edib. 2023-cü il üçün istehlaka dair məlumatlar hələ dərc olunmayıb.

Eyni zamanda, Türkmənistan KİV-ləri bildirir ki, Türkmənistandan Azərbaycana İran ərazisindən svop qaz tədarükünün müvəqqəti dayandırılmasının əsas səbəbi tərəflərin qazın qiyməti ilə bağlı razılığa gələ bilməməsi ilə əlaqədardır. Əvvəlki müqavilədə 1000 kubmetr qazın qiyməti təxminən $135-140 təşkil edirdi.

2021-ci il noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən, 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Müqavilədə Azərbaycana ildə 1.5-2 milyard kubmetr Türkmənistan qazının nəqli nəzərdə tutulurdu.

2022-ci ilin iyun ayının əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci Bakıda Anlaşma Memorandumu imzalayıblar. Memoranduma əsasən, Azərbaycana İran ərazisindən nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılmalı idi.

Eyni zamanda, üçtərəfli saziş İranın xüsusilə qış aylarında şimal vilayətlərinə qaz tədarük etməsinə imkan verir.

Son xəbərlər
Digər xəbərlər