10 C
Baku
Thursday, December 12, 2024

Deputat: “Mənim bankda nə qədər pulumun olmasının Palataya nə dəxli var?”

“Biz çalışırıq ki, sahibkarlar, vətəndaşlar öz pullarını banklarda saxlasın. Mən Mülkü Məcəllənin 967-ci maddəsi ilə bağlı danışmaq istəyirəm. Bu maddə bank sirləri ilə bağlıdır. Əvvəllər belə idi ki, bank sirləri müştərilər və onların nümayəndələrinə verilirdi. İndi biz qanuna dəyişiklik edirik ki, bu sirlər kənar auditorlar və Maliyyə Bazarına Nəzarət Palatasına verilsin. Mənim bankda pulum varsa, bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var? Niyə bu qurum vətəndaşların bank sirlərini bilməlidir? Əlbəttə, qanunvericiliklə bağlı, istintaq aparılan hallarda, məsələn, terrorizmin dəstəklənməsi və ya maliyyələşdirilməsi ilə bağlı ciddi şübhələr olarsa, hüquq mühafizə orqanları bu məlumatları əldə edə bilər”.

Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Parlamentin plenar iclasında “Banklar haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilir.

Deputat Qüdrət Həsənquliyev deyib ki, Maliyyə Bazarına Nəzarət Palatasına ümumi məlumatlar lazımdır ki, hansı bankda vətəndaşların pulu nə qədərdir. Amma konkret kimin bankda nə qədər vəsaitinin olmasının Maliyyə Bazarına Nəzarət Palatasına aidiyyəti yoxdur. Mən konkret bu suala cavab istəyirəm: Mən Qüdrət Həsənquliyevin banklarda nə qədər pulunun olmasının bu quruma nə aidiyyəti ola bilər?”

Q.Həsənquliyev əlavə edib ki, bank sirrlərinə daxil olan şəxslərin siyahısını genişləndirməklə vətəndaşların banklarda maliyyə saxlamasını təmin edə bilməyəcəyik:

“Əksinə, vətəndaşlar maliyyəsini İsveçrə və digər banklara daşıyacaqlar. Harada ki, bank sirrləri daha etibarlı qorunur. Ya da heç kim gətirib pulunu Azərbaycan banklarında saxlamayacaq. Cənab prezident də müraciət edib ki, pullarınızı Azərbaycan banklarında saxlayın. Məncə, indi bu cür addımlar ümumi işə xidmət etmir. Biz məhkəmə qərarı olmadan bankın lisenziyasının bağlanması səlahiyyətini də palataya veririk. Mən bu haqda geniş danışacağam. Biz bank sektorunda nizam-intizam yaratmaq istəyirik, yoxsa nəyə nail olmaq istəyirik?”

Spiker Oqtay Əsədov isə qeyd edib ki, bütün dünya banklarında eyni sistem tətbiq edilir:

“Fikirləşməyin ki, onlarda başqa sistemdir”.

“Azərbaycanda bankların pis vəziyyətə düşməsi iqtisadi böhran və ya katakilizmə bağlı deyil. Bu, bank sahiblərinin maliyyə oğurluğu ilə əlaqədardır. Biz bu məsələləri sağlamlaşdırmalıyıq”.

Bu sözləri isə deputat Siyavuş Novruzov söyləyib.

Onun sözlərinə görə, vaxtilə Mərkəzi Bank tərəfindən bu cür halların qarşısının alınması ilə bağlı nəzarət mexanizmi var idi:

“Lakin sonradan hərəyə 1 milyard verildi. Onlar da həmin pulları götürüb gediblər. İndi də dövlət onları harada axtarıb, harada tapsın?Buna nəzarət edən şəxslər cavab verməlidirlər. Digər tərəfdən biz vətəndaşlarımızın da hüquqlarını qorumalıyıq. Bir daha təkrara edirəm, bunu iqtisadiyyatla bağlamaq lazım deyil. İqtisadiyyatımız kifayət qədər inkişaf edir. Sosial islahatlar həyata keçirilir. Amma bank sistemində paralel şəkildə həyata keçirilmir”.

S. Novruzov söyləyib ki, bank sistemi öz maraq və mənafelərini güdür:

“Bu baxımdan banklar kökündən sağlamlaşdırılmalıdır. Bir nəfər demir ki, banklarda vətəndaşa verilən kreditin faizi niyə belə yüksəkdir? Bu nəyə əsaslanır? Banklar niyə bu cür yüksək faizlə kredit verdiklərini izah etsinlər”.

Son xəbərlər
Digər xəbərlər