Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “İnteralyans” MMC təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun cinayət işi üzrə növbəti məhkəməsi prosesi başa çatıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rauf Kərimov 13 il 11 ay, Cavidan Hacıyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxsin mülkləri müsadirə olunmaqla, zərərçəkmiş tərəfə ödənilməsi haqqında qərar verilib.
Xatırladaq ki, 2014-cü ildə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı xəbərə əsasən, “Bank Technique” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Transalyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat, “Meridian Company” MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəmələrində, habelə Cəmiyyətin qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib.
APA