Azərbaycanda 2026-cı ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 8 milyon 428,1 min manat təşkil edib.
Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2026-cı ilin ilk üç ayında Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi davam etdirilir.
DVX bu göstəricini 2025-ci ilin aprelindən açıqlamağa başlaması səbəbindən müqayisə mümkün olmayıb. Ötən ilin aprelində 10 milyon 742 “ƏDV geri al” ödənmişdi.
Xatırladaq ki, 2026-cı il martın 1-dək portal üzərindən 28 237 müraciət daxil olub. Onlardan 17 072-si üzrə 90.7 mln manat vəsait vətəndaşlara ödənilib. 9 234 müraciətə isə qaydalara uyğun olmadığı və ya texniki səbəblərlə imtina verilib. Bu, demək olar ki, hər 10 müraciətin 3-nün rədd edilməsi deməkdir.
2025-ci ilin eyni dövründə 21 346 müraciət daxil olmuş, 11 930 müraciət üzrə 60.4 mln manat ödənilmiş, təxminən 7 000 müraciətə imtina edilmişdi.
2026-cı ilin ilk 2 ayında isə 1 265 müraciətin 964-ü üzrə 6 mln manatdan çox ödəniş edilib, 206 müraciət rədd olunub.
İmtinaların əsas səbəbləri müraciətin gec edilməsi, ödəniş məlumatlarının düzgün göstərilməməsi və ödənişlərin uyğun qaydada aparılmamasıdır.






