1 C
Baku
Saturday, December 14, 2024

Mənzil alışındakı yeniliklər nəyi dəyişəcək?

Azərbaycanda yaxın müddətdə Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq.

Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bəs bu platforma vətəndaşlara nə qazandıracaq?

N. Alimova 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, platforma sayəsində vətəndaş yeni tikilmiş binadan mənzil aldıqda, onun istismarına icazə verilmiş bina olub-olmadığını öyrənmiş olacaq. Ümumilikdə isə bu portaldan kənarda hər hansı bir mənzilin qanuni satışı mümkün olmayacaq.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyir ki, 30 yaxın müddətdir, Bakı şəhəri və ətraf ərazilərdə yeni yaşayış binalarının inşası aparılsa da, ötən zamanda onların sənədləşmə prosedur qaydalarında heç bir dəyişiklik baş verməyib. Ekspert mövcud vəziyyətlə bağlı bildirib ki, əvvəlki illərdə tikinti şirkətləri mənzilləri alqı-satqı müqaviləsi və maliyyə arayışı ilə satırdısa, hazırda da həmin qaydalar davam edir. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var: “Bir zamanlar bəzi tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfərə satması ilə bağlı vətəndaşlar ciddi problemlərlə üzləşdilər. Zərərçəkmiş şəxslərin sayı kifayət qədər çox idi. Hazırda tikinti şirkətləri sınaqdan keçmiş etibarlı şirkətlər olsa da, bu sahənin vətəndaşlarda daha çox inamın yaranması üçün elektron formaya keçid etmək lazımdır. Hazırda vətəndaş hər hansı bir çoxmənzilli binadan mənzil almaq istəyərkən onun məlumat alacağı heç bir rəsmi qurum yoxdur. Yəni, bütün mənzillər, tikinti şirkətləri barədə elektron formada məlumat olarsa, onların alqı-satqıları elektron formada aparılarsa, bir mənzilin bir neçə şəxsə satılmasının qarşısı alınar. Eyni zamanda bu sahəyə maraq və tələbat həddindən artıq arta bilər”.

E. Fərzəliyev qeyd edib ki, bu sahənin elektronlaşması, yəni vətəndaş hər hansı bir tikinti şirkətindən mənzil almaq istəyərkən elektron qaydada həmin bina, mənzil, onların sayı haqqında tam məlumat əldə bilərsə, bu nəinki yerli alıcıları, hətta xarici ölkələrdən də investorların ölkəmizin daşınmaz əmlak sahəsinə cəlb olunmasına səbəb ola bilər.

“Katlavan” (bünövrə) mərhələsində evə “kupça” almaq olar?

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən bildirilib ki, yeni çoxmənzilli yaşayış binasının inşasına müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilən tikintiyə icazə sənədlərinin, tikinti layihəsinin memarlıq-planlaşdırma bölmələrinin və obyektin sifarişçisi barədə məlumatların real vaxt rejimində qeyd edilən sistemə inteqrasiyası nəzərdə tutulur. Çoxmənzilli binaya dair mənzil və qeyri-yaşayış sahələrinin siyahısı sistemdə formalaşdırıldıqdan sonra həmin binanın sifarişçisi olan hüquqi və ya fiziki şəxslər tərəfindən əmlakların özgəninkiləşdirilməsi və ya MTK üzvlərinə ayrılması ilə bağlı əməliyyatlar sistem üzərindən həyata keçiriləcək.

Başqa sözlə, yeni tikilmiş binadan mənzil alanda əsas məsələ onun tikintisinin hansı mərhələdə, yəni “katlavan”dan və ya hazır olması yox, portalda mövcudluğu əsas olacaq. 

Sözügedən portal, həmçinin mənzillərin sahəsi bağlı ilə problemin aradan qalxmasına da imkan verə bilər. Belə ki, bir çox hallarda yeni tikilən binalarda mənzillərin alınması zamanı şirkətlər mənzilin ümumi sahəsini qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq göstərirlər. Bununla bağlı qurumdan xatırladılıb ki, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən zaman ümumi sahə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”, Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələri nəzərə alınmaqla hesablanır. Bu baxımdan “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemində də mənzilin yekun sahəsi dövlət reyestrində qeydiyyata alınan sahə göstəriciləri ilə müəyyən olunacaq.

Portalın nə zaman fəaliyyət göstərəcəyinə gəlincə, DƏDKR publik hüquqi şəxsdən bəyan edilib ki, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən 6 ay müddətində onun əsasnamə layihəsinin hazırlanaraq təqdim olunması nəzərdə tutulub. Qeyd edilib ki, informasiya sisteminin təşkilinə, fəaliyyətinə, digər qurumların informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasına dair məsələlər təsdiq ediləcək əsasnaməyə uyğun tənzimlənəcək.

Son xəbərlər
Digər xəbərlər