“2017-ci il daşınmaz əmlak bazarı üçün qeyri-dinamik il kimi xarakterizə oluna bilər”
Bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərin görə, cari ildə bazara müraciət edənlərin, alqı-satqı əməliyyatlarının sayında azalmalar müşahidə edilib.
“Bu il bütövlükdə daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsini müşahidə etdik. İlin sonlarına doğru – son iki ay ərzində daşınmaz əmlakın alqı- satqısında nisbi canlanma qeydə alındı, qiymətlərdə 2-3 faiz artım oldu. Amma bunu bütün ilə şamil etmək olmaz. Təbii ki, 2017-ci il daşınmaz əmlakın qeydiyyatı baxımından müəyyən irəliləyişlər və islahatlarla yadda qaldı. O cümlədən, daşınmaz əmlakın qeydiyyatı baxımından Azərbaycanın nüfuzlu beynəlxalq hesabatlarda mövqeyi ilə bir qədər yaxşılaşdı”
R. Osmanlı bildirib ki, il ərzində qeyri- yaşayış sahələrinin qiymətinin aşağı salınması ilə yanaşı, mənzillərin boşaldığı və təklifin artdığı diqqət çəkib. Eksperin fikrincə, 2017-ci ili daşınmaz əmlakın satışı baxımından qənaətbəxş hesab etmək olar: “Ötən il qeydə alınmış göstəricilərlə müqayisədə bu il ərzində qiymətlərin 11,5 faiz azalması müşahidə olunub. Sözsüz ki, şəhərin mərkəzi hissələrində qiymətlər daha çox azalıb. Qiymət azalması daha çox köhnə tikililərdə qeydə alınıb. Bölgə üzrə isə qiymətlər 20 faizə qədər ucuzlaşıb. Hesab edin ki, ötən ilin sonunda bazara təklif olunan 100 minlik mənzil hazırda 80-85 min manat arasında satılır”.
Ekspert, həmçinin vurğulayıb ki, 1-2 otaqlı evlərə təlabat xeyli azalıb: “Bu, ipoteka kreditləri ilə əlaqədardır. İpoteka kreditləşməsində kredit götürənə ayrılan kreditin maksimal həddi 100 min manata çatdırılıb. Eyni zamanda kreditin maksimal limiti götürülüb. Bu da ucuz evlərə olan tələbi azaldıb. Tədricən bazarda kondikturanın dəyişməsi müşahidə olunur. Amma təzə tikililərin bazardakı payı artır. Belə olan təqdirdə 1-2 otaqlı mənzillərə təlabatın azalması müşahidə olunur. Alıcıların əksəriyyəti 3 otaqlı mənzillərə meyillidir”.
R.Osmanlı qeyd edib ki, yeni tikililərdə qiymət azalması nisbidir.”Bəzi ərazilərdə qiymət azalması var, amma bəzi ərazilərdə yeni tikililərdə qiymətlər sabitdir. Hətta tikintisi ötən il yarımçıq olan, lakin ilin sonuna doğru yekunlaşan binalarda qiymət artımı baş verib. Bu, yeni tikililər üçün xarakterikdir. Yeni tikililərdə qiymətlərin azalmasının qarşısını alan əsas səbəblərdən biri qiymətlərin sahibkarlar tərəfindən tənzimlənməsi ilə bağlıdır. Tikinti şirkətlərinin rəhbərlərinin kifayət qədər kənar maliyyə resursları olduğu üçün onlar bazarda qiymət azalmasına getməyə maraqlı deyillər. Amma Azərbaycanda, xüsusilə Bakı şəhərində yeni tikililərə maraq daha yüksəkdir”.
Ekspert mənzil satışında aldadılanlar barədə danışıb. Bildirib ki, bu il 7 tikinti şirkəti üzrə belə hal müşahidə olunub. Həmin şirkətlərin əksəriyyəti Bakı ərazisində fəaliyyət göstərib.