10 C
Baku
Tuesday, November 26, 2024

Mənzil bazarında qiymət fərqi – Səbəb nədir?

Ölkənin mənzil və kirayə bazarı ilə gözləntilər bir-birindən kəskin fərqlənir. Bəzi ekspertlər qiymətlərin artacağını proqnoz etsələr də, bəziləri əksini düşünürlər. Sonda açıqlanan rəsmi məlumatda isə bildirilir ki, qiymətlər artıb. Ekspertlər isə rəsmi məlumatların reallıqla uzlaşmadığı qənaətindədirlər.

“Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, Dövlət Statistika Komitəsinin açıqladığı mənzil bazarında qiymət indekslərinə əsasən, ilkin mənzil bazarında 0,9 faiz, təkrar mənzil bazarında 0,8 faiz bahalaşma qeydə alınıb. Ötən ilin III rübü ilə müqayisədə isə mənzil bazarında 2,7 faiz ucuzlaşma, o cümlədən ilkin mənzil bazarında 4,0 faiz artım, təkrar mənzil bazarında 2,8 faiz azalma müşahidə olunub.

“MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, Bakıda ilkin daşınmaz əmlak bazarında qiymətlər avqust ayındakı qiymətlərlə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb. Ekspert bildirib ki, manatla ifadədə isə artım 2,76 faiz təşkil edib. O, əlavə edib ki, həmçinin təkrar daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunub: “Ötən ay avqust ayı ilə müqayisədə dollar ekvivalentində artım 3,77 faiz, manatla ifadədə isə 2,11 faiz olub”. (“Trend”).

Ekspert qeyd edib ki, buna baxmayaraq, daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ davam edir: “Kommersiya obyektləri bazarında avqust ayı ilə müqayisədə sentyabrda qiymətlər dollar ekvivalentində 4,96 faiz, manatla ifadədə isə 6,48 faiz azalıb. Torpaq bazarında da müvafiq olaraq 0,83 faiz və 2,42 faiz azalma var. Mənzillərin kirayəsi bazarında azalma sentyabr ayında avqust ayı ilə müqayisədə dollarla ifadədə 8 faiz, manatla ifadədə isə 9,4 faiz təşkil edib. Kommersiya obyektlərinin kirayə bazarında isə müvafiq göstəricilər 4,28 faiz və 2,73 faiz azalma təşkil edib”.

Ekspert Ramil Osmanov isə musavat.com-a açıqlamasında bildirib ki, hazırda daha çox paytaxtın kirayə bazarında vəziyyət mövsümi xarakter daşıyır: “Ayın sonunda kirayə bazarında qiymət dəyişmələri bitəcək. Vəziyyət stabilləşəcək. İndiki psixoloji məqam da bazara təsir göstərir. Bütövlükdə maliyyə bazarlarında baş verən proseslər digər bazarlara da təsir edir. Bu baxımdan, mənzil bazarında, xüsusilə kommersiya obyektlərində bazarın tələbləri nəzərə alınır. Amma bu, müvəqqətidir. Hesab edirəm ki, tezlikdə proses başa çatacaq. Mənzil bazarında baş verən proseslərdə də oxşar vəziyyətdir. Bu da maliyyə bazarında baş verən proseslərlə, vətəndaşların manata olan etimadının azalması ilə bağlıdır. İnsanlar, potensial alıcı kütləsi əlində olan vəsaiti daha çox dollar ekvivalentində toplamağa üstünlük verir. Düşünürəm ki, ilin sonuna doğru bazarda müəyyən canlanma ola bilər. Bu, mövsümi xarakterli ola bilər. Buna baxmayaraq, qiymət dəyişməsinə müsbət formada təsir göstərməyəcək. Qiymətin daha çox azalması müşahidə ediləcək.

Proqnozlara görə isə gələn il Azərbaycanda avtomobil bazarında bahalaşma, mənzil və torpaq sahələri bazarında isə ucuzlaşma gözlənilir. Yerli analitika qrupu hesab edir ki, gömrük rüsumlarının son artımı avtomobillərə də aid ediləcək. Dolların məzənnəsinin artması digər idxal olunan məhsullar kimi avtomobillərin də qiymətinə təsir edəcək.

Daşınmaz əmlakın qiymətində isə 2017-ci ildə geriləmə gözlənilir ki, bunun da əsas səbəbi əhalinin real gəlirlərinin azalması ilə bağlıdır: “Belə ki, idxal mallarının manat ekvivalentində bahalaşması, kommunal xərclərin artması əhalinin real gəlirlərini azaldır. Gələn ilin büdcəsində dövlət əsaslı investisiya qoyuluşlarının 1,14 milyard manat və ya 38 faiz azalması nağd pul kütləsi ilə bərabər iqtisadi artıma da mənfi təsir edəcək. Qlobal maliyyə böhranı səbəbindən xarici investisiyaların azalması amili də gəlirlərin azalmasına ciddi təsir göstərəcək. Büdcədə həmçinin sosial müdafiə, mədəniyyət və kommunal xərclərin ümumilikdə 1 milyard manata yaxın azaldılması nəzərdə tutulub”.

Son xəbərlər
Digər xəbərlər