-3 C
Baku
Sunday, December 15, 2024

“Mənzili ilk seçmiş şəxs ala bilməzsə, bu hüquq gözləmə qaydasında digər şəxsə verilir”

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin oktyabrın 16-da keçiriləcək satışı prosesində elektron kabinetə sahib olan bütün vətəndaşlar iştirak edə bilərlər. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan cavab olaraq bildirilib ki, oktyabrın 18-də gözləmə qaydasında mənzil seçimində isə mənzil seçməmiş şəxslər iştirak edə bilərlər. Həmin prosesdə satış zamanı artıq seçilmiş mənzillər gözləmə qaydasında mənzili seçənlər üçün aktivləşir. Gözləmə qaydasında hər mənzilə 2 nəfər növbəyə dura bilər.

Əgər mənzili birinci seçmiş şəxs hər hansı səbəbdən mənzili əldə edə bilməzsə, o zaman həmin mənzili almaq hüququ gözləmə qaydasında digər şəxsə verilir. Mənzil həmin şəxsə təklif olunur, o mənzili əldə etmək istəyirsə, seçdiyi ödəniş üsulu ilə mənzilə sahib ola bilər.

Mənzillərin əldə edilməsinin əsasən 2 ödəniş üsulu var: Öz vəsaiti hesabına və güzəştli ipoteka krediti vasitəsilə. Öz vəsaiti hesabına mənzil almaq istəyən şəxs dəyərini ödəməklə mənzil əldə edə bilər. Güzəştli ipoteka krediti vasitəsilə ödəniş etmək istəyən şəxslər isə mütləq qaydada agent banklardan birinə yaxınlaşaraq, ilkin razılıq qərarı almalıdırlar. Belə ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq qaydada ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli və agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini həyata keçirməlidir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər