14 C
Baku
Sunday, November 24, 2024

Məqsədimiz “Bir millət, iki dövlət” prinsipini kartlarda gerçəkləşdirməkdir – Altan Şəntürk

Ötən gün Worldcard Azərbaycanın bir yaşı tamam oldu və bu münasibət ilə Hilton otelində rəsmi ad günü ziyafəti verildi. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Alper Coşkun, Yapı Kredi Bank Azərbaycanın İdarə heyətinin sədri, Baş Direktor cənab Altan Şəntürk, Yapı Kredi Bank Azərbaycanın Marketinq departamentinin rəhbəri Baran Altınel və digər rəsmi qonaqlar, o cümlədən bankın əməkdaşlıq etdiyi şirkətlərin nümayəndələri iştirak etmişdir.

Fürsətdən istifadə edərək, biz də Yapı Kredi Bank Azərbaycanın İdarə heyətinin sədri Altan bəyin təəssüratlarını öyrənmək qərarına gəldik.

Altan bəy, öncəliklə Worldcardın bir yaşının tamamlaması münasibəti ilə Sizi təbrik edirik, uğurlu olsun! Bilmək istərdik ki, yola saldığınız bu bir il Sizin üçün necə keçdi?

Bu ili çox müvəffəqiyyətlə başa vurduq. 50 mindən çox kredit kartı, 1500-1600-dən çox Pos terminal satdıq, bu o deməkdir ki, 1500-1600 iş yerində hal-hazırda bizim kartlardan istifadə olunur, ballar qazanılır, kampaniyalar həyata keçirilir və pulsuz alış-veriş edilir. Əslində ən önəmli faktor odur ki, biz Yapı Kredi Bank olaraq Türkiyədə ilk kredit kartını çıxarmışdıq və Worldcardı da eyni şəkildə bir il öncə Azərbaycana gətirdik və bununla bağlı çox mühüm yatırımlar etdik. Bu ölkənizə gerçəkdən verdiyimiz dəyərin, önəmin bariz nümunəsi olmaqla yanaşı, iqtisadiyyatın inkişafında mühüm rol oynayır.

Yatırımlarımızı daha da davam etdirəcəyik. Türkiyəyə tətilə gedən azərbaycanlıların sayı haqda aldığımız son rəqəm 500 min civarında dəyişməkdədir. Biz çox istərdik ki, Türkiyəyə səyahətə gedən azərbaycanlı qardaşlarımızın ciblərində Worldcard olsun, orada rahat alış-veriş etsinlər, ballar toplasınlar və müxtəlif xidmət və kampaniyalardan yararlansınlar.

Worldcard-la bağlı hər hansı bir gələcək planınız varmı?

Bu iki kartı inteqrasiya etmək fikrimiz vardır. İki türk dövlətin kartlarını bir araya gətirmək istəyirik. Necə deyirlər: “Bir millət, iki dövlət”, eyni prinsipi kartlarla bağlı da gerçəkləşdirməyi düşünürük. Bu çox vacib bir nüansdır. Türkiyədə 10 milyondan çox kartımız var. Türkiyədəki kartlar ilə azərbaycandakı kartları birləşdirib, dünya lideri olmağı düşünürük. Bu işdə uğurlu olacağımıza əminik, güclü bir təməlimiz, bünövrəmiz var, professional, peşəkar kadrlarımız, peşəkar komanda heyətimiz, öz işlərinin mütəxəssisi olan dostlarımız vardır.

Azərbaycan iqtisadiyyatının inkişafında kredit kartları xüsusi bir çəkiyə malikdir. Biz bu bilgiləri öz veb saytımızda, öz təlimlərimizdə insanlara çatdırmağa çalışırıq. Müştərilərə “Kartlardan ən yaxşı şəkildə necə istifadə etməli” formulunu öyrətmək istəyirik. Çünki Türkiyədə bunun cəzasını çox çəkdik. Türkiyədə yol verdiyimiz yanlışlıqları burada təkrarlamırıq. Bu təcrübədən geniş faydalanırıq. Sadəcə mənim 25 illik bank sahəsində iş təcrübəm vardır. Türkiyədəki peşəkar dostlarımız bura gəlir və təlim keçməkdə, biliklərimizi paylaşmaqda davam edirik. Burada olmaqdan çox xoşbəxtəm. Azərbaycanı öz məmləkətim hesab edirəm. Burada özümü heç zaman yad və qərib hiss etmədim.

Türkiyə və Azərbaycan bazarlarında işləməyin nə kimi fərqli cəhətləri vardır?

Türkiyədə bu proses 24 il əvvəl başladı və bu dövr ərzində çox çətinliklər gördük. Amma Türkiyə ilə müqayisədə Azərbaycanda iqtisadi inkişaf tempi daha sürətlidir. Biz sizin kimi sürətli ola bilmədik. Azərbaycanda hal-hazırda çox gözəl şərtlər vardır və onlar yaxşı dəyərləndirilərsə və bizim də dəstəyimiz ilə bu inkişaf daha da sürətləndirilə bilər. Bütün bunları hər kəsə çatdırmağı düşünürük.

Çünki, 5 milyondan artıq ATM kartı vardır və bu ATM kartları kredit kartlarına çevrilməlidir ki, insanlar üzərilərində nağd vəsait, pul daşımasın. Bu gün kimsə Londona gedir və orada ATM yaxınlaşır və 5 funt çəkir. Artıq hər kəs plastik kartlardan istifadə etməlidir, bu həm hesablara nəzarət, həm vergi, həm də iqtisadiyyatın genişlənməsi baxımından hər bir ölkə üçün çox zəruridir.

Son olaraq Worldcard istifadəçilərinə demək istədiyiniz bir söz varmı?

Onlara daha da yeni xidmətlər təklif edəcəyik, bilirik ki, çatışmayan cəhətlərimiz də vardır, onları da düzəldəcəyik və bu ilin sonunda Azərbaycanda Worldcard ən mükəmməl, ideal bir şəkildə hər kəslə başa çıxa biləcək mövqelərdə olacaq.

Son xəbərlər
Digər xəbərlər