Mərakeşin “Neo Motors” şirkəti “Dial-E” adlanan ilk yerli istehsal elektrik avtomobilinin satışa çıxarıldığını elan edib. Bu barədə açıqlama ölkənin paytaxtı Rabatda keçirilən Milli Sənaye Gününə həsr olunmuş tədbirlər zamanı verilib.
“Mərakeş sənayesinin qüruru” adlandırılan yeni avtomobil tamamilə Mərakeşdə layihələndirilib və hazırlanıb. İllik istehsal gücü 10 min avtomobil təşkil edir (artırmaq imkanı ilə), ilkin satış qiyməti isə təxminən 100 min dirhəm (təqribən 10 750 ABŞ dolları) müəyyən olunub.
Şirkətin baş direktoru Nassim Belhayatın sözlərinə görə, “Dial-E” birdəfəlik tam enerji yığımı ilə 150 kilometr məsafə qət edə bilir, maksimal sürəti isə saatda 85 kilometr təşkil edir. Avtomobilin akkumulyatoru cəmi iki saata tam doldurulur, bu isə onu həm praktik, həm də iqtisadi cəhətdən sərfəli seçimə çevirir.
Belhayat təsdiqləyib ki, “Neo Motors” avtomobillərin ixracı üçün zəruri Avropa sertifikatlarını əldə edib və bununla da bu mərhələyə çatan ilk Mərakeş və Afrika şirkəti olub. Şirkət yaxın gələcəkdə ixrac coğrafiyasını genişləndirərək Avropa və ABŞ bazarlarına çıxmağı planlaşdırır.
Avtomobildə yerli istehsal komponentlərinin payı Krallıqda elektrik akkumulyatorlarının istehsalına başlanılması sayəsində 55 faiz səviyyəsinə çatacaq.
Avtomobil sənayesi Mərakeşin ən iri ixrac sahəsini təşkil edir. Bu sektorda ölkənin sənaye işçi qüvvəsinin təxminən 25 faizi çalışır. Mərakeş, həmçinin Afrikanın aparıcı istehsalçısı və Avropa İttifaqına əsas avtomobil ixracatçısı olaraq qalır.






