AZƏRBAYCAN ORDUSU Dağlıq Qarabağda əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Müharibənin davamı Ermənistanın problemlərini artırıb. Ermənistan müharibənin ilk günündən başlayaraq “qan bankına” ehtiyac duyduğunu bəyan edib, yaralıların sayı çox olduğuna görə xəstəxanalara mülki əhalinin qəbulunu dayandırılıb, gənclərin Ermənistan xaricinə çıxışına qadağa qoyulub.
Müharibədə hansı tərəfin daha çox insani potensialı, hərbi texnikası varsa, həmin tərəf uğur qazanacaq. Azərbaycan bütün parametrlərə görə Ermənistanı üstələyir. Azərbaycanın əhalisi Ermənistanın əhalisindən 5 dəfə çoxdur, hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Banker.az bildirir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyir.
Ermənistan 1990-cı illərdə Azərbaycan torpaqlarını necə işğal etmişdi?
Dağlıq Qarabağda yaşayan ermənilər illərdir separatizmə başlamaq üçün fürsət gözləyirdilər. Bu fürsəti onlara SSRİ-nin lideri Mixail Qorbaçov verdi. Ermənilər SSRİ-nin dağılması ərəfəsində mitinqlərə başladılar və silahlandılar. Dağlıq Qarabağda yaşayan azərbaycanlıların silahları yox idi. Ümid edilirdi ki, Moskva problemi nizamlayacaq. Olmadı. Erməni silahlı birlikləri Ermənistandan və dünyanın müxtəlif ölkələrindən gələn muzdlular hesabına azərbaycanlılara qarşı etnik təmizləməyə başladılar. Bu işdə onlara keçmiş SSRİ-nin Dağlıq Qarabağdakı hərbi hissələri də yardım edirdi. Azərbaycan müstəqilliyini əldə edən kimi erməni separatizminə qarşı savaşa başladı. Ancaq o illərdə Azərbaycanın nizami ordusu yox idi. Digər tərəfdən ermənilər mülki əhalini hədəf alaraq qətliamlar törədir və bölgələri bu şəkildə işğal edirdilər.
Dağlıq Qarabağdakı Ermənistan ordusu bu dəfə də eyni taktika istifadə etməyə çalışır, azərbaycanlılar yaşayan əraziləri raket atəşinə tutur ki, mülki əhali arasında itki olsun. Ancaq Azərbaycan 27 il ərzində nizami ordu yaradıb (Azərbaycanın İsraildən və Türkiyədən aldığı pilotsuz uçuş aparatları işğalçı ordunun hərbi texnikasını dağıtmaqda davam edir, Ermənistan bu tip silahlara malik deyil), ordunun hərbi texnika üçün təminatı üçün on milyardlarla dollar xərcləyib. Ən başlıcası Azərbaycan əhalisi müharibəyə hazırdır və savaşda iştirak etmək istəyir, mülki əhali də evlərini tərk etmir. Yəni həm hərbi, həm də mənəvi üstünlük Azərbaycan tərəfindədir. Hazırda önəmli olan Ermənistandan Dağlıq Qarabağa silah və hərbi texnik aparan yolları nəzarət altına almaqdır. Murovdağ və Fizuli istiqamətində həyata keçirilən hərbi əməliyyatların məqsədi də budur. Azərbaycan ordusu Fizuli, Cəbrayıl və Zəngilanı azad edərsə, erməni separatçılarının İranla əlaqəsi kəsiləcək.
Dağlıq Qarabağda müharibə dünyanın diqqət mərkəzindədir. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana atəşkəs çağırışı edirlər. Bunlar normaldır və gözləniləndir. Azərbaycan bir şərtlə yenidən atəşkəs elan edib danışıqlara razılaşa bilər: Ermənistan ordusu Azərbaycan ərazilərini tərk etməlidir! Bu şərti Ermənistan hakimiyyəti qəbul etmədiyinə görə döyüşlər davam edəcək.
ATƏT-in Minsk Qrupu həmsədrlərindən ABŞ və Fransanın Cənubi Qafqaza təsir imkanları azdır. Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqaz siyasəti yanlışdır. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var idi. Sarkozi prezident olarkən həm Ermənistana, həm də Azərbaycana səfərlər etmişdi. Emmanuel Makron isə prezident olduqdan sonra yalnız Ermənistana səfər etdi, Azərbaycana gəlmədi. Makron bununla Ermənistana üstünlük verdiyini göstərdi. Makron son açıqlamalarında Ermənistanı müdafiə edir. Makronun bu siyasəti Fransa-Azərbaycan münasibətlərinə zərər verəcək. Digər tərəfdən Bakı bundan sonra Parisin vasitəçilik təşəbbüslərini qəbul etməyəcək. Makrondan fərqli olaraq ABŞ prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmaq istəmir. Trampın bu mövqeyi Azərbaycanın maraqlarına uyğundur.
Həmsədr ölkələrdən yalnız Rusiya prosesə müdaxilə edə bilər. Kreml müharibənin ilk günlərində neytral qalmağa üstünlük verirdi. Ancaq Kreml son günlər təzyiqi bir qədər artırmağa başlayıb.
Birincisi, Rusiya işğalçı Ermənistana hərbi yükləri göndərməkdə davam edir.
İkincisi, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında Dağlıq Qarabağda Suriya və Liviyadan muzdluların gətirilməsindən narahatlıq ifadə edilib. Azərbaycan muzdlulardan istifadə etmir. Prezident İlham Əliyevin də söylədiyi kimi Azərbaycan ordusunun resursları kifayət qədərdir, əlavə canlı qüvvəyə ehtiyacımız yoxdur. Əsl Ermənistanın muzdlulara ehtiyacı var. Ancaq Kreml Liviyanın adını çəkibsə, demək Türkiyənin bu ölkədən Cənubi Qafqaza muzdlular göndərməsinə işarə edib.
Rusiya XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə çalışır. Hazırkı şərtlər daxilində belə bir görüş Azərbaycanın maraqlarına cavab vermir. Çünki Moskva yenidən atəşkəsə nail olub, “mərhələli həll” planının reallaşması üçün heç nə etməyəcək. Dəfələrlə bunun şahidi olmuşuq.
Digər tərəfdən rəsmi Bakı çalışmalıdır ki, gələcəkdə danışıqlar formatı 2 + 2 (Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə) keçsin. Yəni rəsmi Bakı Türkiyənin bölgədə artan rolunu danışıqlar formatına da keçirməlidir. Moskva Bakının bu istəyini rədd edə bilməyəcək. Moskva Liviya və Suriya məsələsində olduğu kimi Dağlıq Qarabağ məsələsində də Ankaranın vasitəçiliyini qəbul etməlidir. Bu rəsmi Bakının qətiyyətli mövqeyindən asılıdır.
NİKOL PAŞİNYAN TÜRKİYƏNİN ADINI TEZ-TEZ ÇƏKMƏSİ…
Ermənistanın baş naziri Nikol Paşinyan son günlər Türkiyənin adını çox hallandırır. Paşinyanın bununla iki məqsədi var. Onun birinci məqsədi odur ki, guya Ermənistan Dağlıq Qarabağda Türkiyə hərbçiləri ilə savaşır. Paşinyan bununla Azərbaycan ordusunun qazandığı uğurları kiçiltməyə çalışır. Paşinyanın Türkiyənin adını mütəmadi hallandırmaqla ikinci məqsədi Rusiyanın Ermənistana hərbi dəstəyini təmin etməkdir.
Türkiyə Azərbaycanın strateji müttəfiqidir və dünyada bunu hamı belə qəbul edir. Türkiyə rəsmiləri açıq deyirlər ki, Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Buna baxmayaraq, Azərbaycan ordusunun qarşısına qoyduğu vəzifələri yerinə yetirməkdə Türkiyə hərbçilərinin iştirakına ehtiyacı yoxdur. Ancaq o da faktdır ki, Türkiyənin Azərbaycana dəstəyi bölgədə sabitləşdirici rol oynayır.
Birincisi, Türkiyə Liviyada, İraqda və Suriyada olduğu kimi Cənubi Qafqazda da varlığını ortaya qoyub. Bu amillə Rusiya da hesablaşmağa başlayıb. Təsadüfi deyil ki, Dağlıq Qarabağda savaş getdiyi günlərdə Rusiyanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub.
İkincisi, Türkiyənin Azərbaycanla hərbi müttəfiqliyi Ermənistana mesajdır ki, Bakı kimi Ankara da Dağlıq Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad olunmasını tələb edir.
RUSİYA BUNA UYSA NƏ İTİRƏCƏK?
Buna baxmayaraq, Nikol Paşinyan hər vasitə ilə Rusiyanın hərbi dəstəyinə nail olmaq istəyir. Bunun üçün əsas yoxdur. Çünki müharibə Azərbaycan ərazisində gedir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan saxta xəbərlər yayıb ki, guya Türkiyənin F-16 təyyarələri Ermənistan səmasında onların hərbi təyyarələrini vurub. Məqsəd Rusiyanın Türkiyəyə qarşı adekvat addımın atılmasına nail olmaq idi. Bundan başqa Paşinyan deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazalarından istifadə edə bilərlər. Buna Paşinyan qərar verə bilməz, Kremlin qərarı olmalıdır. Belə bir qərarın verilməsi Rusiya üçün regional risqləri artıracaq.
Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistan tərəfdən iştirak edərsə, Kreml özü üçün iki mənfi nəticə ilə üzləşəcək.
Birincisi, Rusiya Dağlıq Qarabağdakı ermənilərə birbaşa dəstək verərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirəcək. Məntiqlə bu Kremlin maraqlarına cavab verməməlidir. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqi olsa da, Kremlin Bakı və Ankara ilə tərəfdaşlıq münasibətləri var və bu bütün tərəflər üçün faydalıdır. Azərbaycan və Türkiyə Rusiyanın bölgədə əsas iqtisadi tərəfdaşlarıdır, birgə layihələr reallaşdırılır. Kreml Dağlıq Qarabağa görə bütün bunlardan imtina etməyə hazırdırmı?
İkincisi, Rusiya Dağlıq Qarabağdakı ermənilərə birbaşa dəstək verərsə, müharibənin sərhədi genişlənəcək, şimali Qafqazda Rusiya üçün təhlükəli proseslər başlaya bilər.
Rusiya müharibənin bitməsini istəyirsə, Ermənistan hakimiyyətinə təzyiq edib Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planının reallaşmasını təmin etməlidir. Bu olmadan müharibəni dayandırmaq mümkün olmayacaq. Prezident İlham Əliyev işi yarımçıq dayandırmayacaq. Azərbaycan və Türkiyə probleminin birdəfəlik həllini istəyirlər. İlham Əliyev Təhlükəsizlik Şurasının son iclasında deyib ki, Azərbaycan xalqı problemin birdəfəlik həllini tələb edir və o bu prosesi son çatdırmaq niyyətindədir.
Rusiya son 4 ildə iki dəfə Azərbaycana mane olub. Azərbaycan ordusu 2016-cı ilin aprel ayında əks-hücuma başlayanda ərazilərin bir hissəsini azad edib irəli gedirdi. Bu məqamda Moskvadan zənglər gəldi və Bakının inandırdılar ki, atəşkəs elan olunsa “mərhələli həll” planı işə düşəcək. Moskva vədini yerinə yetirmədi. Bu ilin iyul ayında da sərhəddə döyüşlər olanda Kreml yenə prosesə müdaxilə etdi. Bu dəfə isə vəziyyət fərqlidir. Türkiyə Rusiyadan Azərbaycana edilən diplomatik təzyiqləri neytrallaşdırır.
İNFORMASİYA SAVAŞI…
Azərbaycanla Ermənistan arasında informasiya savaşı da var gücüylə davam edir. 1990-ci illərdə Azərbaycan torpaqları işğal edilərkən Azərbaycan informasiya blokadasında idi. Rusiya və Qərb mətbuatında əsasən ermənilərin mövqeyi əks olunurdu. Azərbaycan 2000-ci illərdən başlayaraq informasiya blokadasını yarıb və Azərbaycanın mövqeyi də Rusiya və Qərb mətbuatında əks olunmağa başlanıb. Digər tərəfdən Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin mətbuat xidmətləri operativ işləyir, daxili və xaric auditoriyanı məlumatlandırır və Ermənistanın dezinformasiyalarını təkzib edirlər.
Azərbaycanı müharibədə müdafiə edən dövlətlər bunlardır: Türkiyə, Pakistan, Əfqanıstan, Bosniya və Hersoqovina və Ukrayna. Bu say artacaq. Ermənistanın işğalçı siyasətini isə rəsmi səviyyədə yalnız kiçik Kipr Yunan Respublikası dəstəkləyib.
Bu arada, İranın mövqeyi diqqət mərkəzindədir. İnternetdə Rusiya hərbi texnikasının İran üzərindən Ermənistana və Dağlıq Qarabağa daşınmasıyla bağlı görüntülər yayılıb. Rəsmi Tehran bu görüntüləri təkzib edib. İranın dini liderinin Güney Azərbaycan əyalətindəki təmsilçiləri birgə bəyanat yayaraq Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və müharibədə Azərbaycanı müdafiə etdiklərini bəyan ediblər. Bu belə də olmalıdır. Əks halda İranda yaşayan azərbaycanlıların İran hökumətinə qarşı etirazı güclənə bilər.