10 C
Baku
Tuesday, December 23, 2025

Mərkəzi Asiyanın bu məhsula tələbinin yüksəlməsi “Azərsun”un ixrac gəlirlərini $51 mln.-a qaldırıb

Bu il ölkənin əsas qida istehsalçısı qrupu “Azərsun Holdinq” MMC-nin şəkər biznesinin Mərkəzi Asiyadakı müştərilərinin tələbinin yüksəlməsi onun valyuta gəlirlərini təqribən 50% ətrafında artırmış olub.

Banker.az-ın hesablamalarına əsasən, törəmə istehsalçı şirkəti “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin 2025-ci ilin ilk on ayında ixrac olunan ağ şəkərin həcmi 71.72 min ton, dəyəri isə 51.36 mln. dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 45.25 min ton və 34.34 mln. dollar idi. Beləliklə, miqdar baxımından artım 58%, dəyər baxımından isə 49% olub.

Bununla belə qiymətlər nisbətən keçən illə müqayisədə aşağıdır. Orta qiymət 2024-cü ildə 759 dollar/ton idisə, 2025-ci ildə 716 dollar/ton olub, yəni qiymət azca aşağı düşüb.

İxracda əsas payların bölgüsü dəyişib. Ötən ilin ilk on ayında əsas alıcı Türkmənistan olsa da, bu il özbəklərin Azərbaycan şəkərinə marağının artması ilə əsas alıcıya çevriliblər. 2025-ci ildə bu Özbəkistan 34.15 min ton ağ şəkər ixrac olunub, dəyəri 26.53 mln. dollar, 2024-cü ildə isə 13.41 min ton və 11.20 mln. dollar idi. Bu, miqdar baxımından 155%, dəyər baxımından 137% artım deməkdir.

Türkmənistan bazarında da artım diqqət çəkir. 2025-ci ildə ixrac 30.91 min ton, dəyəri isə 19.34 mln. dollar təşkil edib, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 27.58 min ton və 19.26 mln. dollar idi. Miqdar baxımından artım 12%, dəyər baxımından isə sabit səviyyədə qalıb.

Tacikistana ixrac da yüksəlib. Məsələn, 2025-ci ildə 4.81 min ton ağ şəkər göndərilib, dəyəri 3.84 mln. dollar. Bu, miqdar baxımından 60%, dəyər baxımından 46% artım deməkdir.

Rusiya bazarında da artım müşahidə olunur. 2025-ci ildə ixrac 0.92 min ton, dəyəri 0.95 mln. dollar, 2024-cü ildə isə 0.84 min ton və 0.86 mln. dollar idi. Miqdar baxımından artım 9%, dəyər baxımından isə 10% təşkil edib.

Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər Zavodunu idarə edən “Azərsun Holdinq”ə məxsus müəssisədir. 2006-cı ildən şəkər, parça və kəllə qənd istehsal edir.

Son xəbərlər
Digər xəbərlər