13 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Avropa Azərbaycan, Qətər və Türkiyədən təbii qaz almaq istəyir

Mərkəzi Avropa Azərbaycan, Qətər, Türkiyə və digər ölkələrdən təbii qaz almaq istəyir, lakin bunun üçün Cənub-Şərqi Avropanın enerji infrastrukturu inkişaf etdirilməlidir.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşada keçirilən İqtisadi Forumda deyib.

O qeyd edib ki, Macarıstanın enerji təchizatını müəyyən edən mövcud reallıq və infrastrukturdur: “Avropa İttifaqı alternativ enerji marşrutlarının yaradılması üçün maliyyə dəstəyi göstərməlidir. Hazırda yeganə [genişləndirilməsi nəzərdə tutulan-red.] alternativ marşrut Trans-Adriatik Boru Kəməridir”.

Macarıstan XİN rəhbəri bildirib ki, ölkəsi təbii qaz tədarükünü şaxələndirməyə çalışır, lakin Cənub-Şərqi Avropanın enerji infrastrukturunun imkanları çox məhduddur və Aİ bu istiqamətdə inkişafı maliyyələşdirmək istəmir.

Qeyd edək ki, Macarıstan tədarük mənbələrini şaxələndirmək üçün Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağı planlaşdırır. Peter Siyarto, Avropa İttifaqını Azərbaycan təbii qazının Rumıniya və Macarıstana çatdırıla biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini genişləndirmək üçün vəsait ayırmağa çağırıb.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Macarıstanın “MVM CEEEnergy” və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Bolqarıstana, “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacaq” Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər