22 C
Baku
Saturday, September 28, 2024

Mərkəzi Bank 1 milyard manatlıq qiymətli kağızlar alıb

Bakı Fond Birjasında birjadankənar bazarda maliyyə sahəsində həcmi 1 milyard 84 milyon 4 min 6 yüz 45 manat (1084004645,10 manat) olan əqd bağlanıb. Əqddə 1001 240 266 ədəd qiymətli kağız alınıb.

Bakı Fond Birjası tərəfləri və əqd predmetini açıqlamır.

Qeyri-rəsmi məlumata görə, sözügedən əqd “Aqrarkredit” QSC-nin istiqrazlarının bir hissəsinin alınması ilə bağlıdır.

Xatırladaq ki, “Aqrarkredit” QSC 3 milyard manatlıq istiqraz buraxıb. Belə ki, 26 avqust 2015-ci il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 3 000 000 000 ədəd faizli təminatlı istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınmışdı.

15 İyul 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Fərman imzalamışdı.

Fərman ilə Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankına on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etmək və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görmək tapşırılmışdı. Fərmana əsasən, Beynəlxalq Bankın problemli aktivlərinin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilməlidir. Həmçinin fərman ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına “Aqrarkredit” QSC tərəfindən emissiya edilmiş istiqrazların satın almaq və likvidliyi üzrə zəruri tədbirlər həyata keçirmək tapşırılmışdır.

Birjadankənar bazarda istiqrazları Fərmanda nəzərdə tutulduğu kimi Mərkəzi Bank alıb. Digər qeyri-rəsmi bir məlumata görə, istiqaz üzrə illik faiz 8% civarındadır.

Azərbaycan Beynəlxalq Bankında dövlətin payının özəlləşdirilməsi təklifləri gələn il yanvar ayının 1-dək dövlət başçısına təqdim edilməlidir. Bu bankda dövlətin payı 51,7%-dir. ABB pis maliyyə menecmenti üzündən çoxmilyardlı problemli kreditlərlə üzləşib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət zəmanətil istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verir.

alkredit.az

Son xəbərlər
Digər xəbərlər