2014-cü ildə Azərbaycanın bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləyib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ilin yekunlarına həsr olunan geniş iclasda bildirib.
AMB rəhbərinin sözlərinə görə, ötən il bankların kapitalizasiyası davam etdirilib: “Kapitalizasiya qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən 2 dəfə artıb. Hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir”.
Baş bankir hesab edib ki, bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. Belə ki, 2014-cü ildə bank sektorunun aktivləri 21% artıb.
“Bank kreditləri 18%, o cümlədən uzunmüddətli kreditlər 19% artıb. Ötən ildə biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olub. Biznes kreditləri 18%, o cümlədən, sənayenin kreditləşməsi 36% artıb. Regionlara kredit qoyuluşlarında isə 39% artım olub. 2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənib. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19%-ə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb. Faiz dərəcələrinin azalması prosesi davam edib. Son illərdə kreditlər üzrə orta faiz dərəcələri 18%-dən hazırda 14%-ə, o cümlədən biznes kreditləri üzrə 10%-ə düşüb”, – deyə o bildirib.
E. Rüstəmov Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqət çəkərək bildirib ki, 2015-ci ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir.
APA.az