Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankı ictimaiyyətə bu gün faiz dəhlizinin parametrləri ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Hazırda ehtimal olunur ki, AMB uçot dərəcəsini 0,25 faiz bəndi düşürəcəklər 8.25%-dən 8%-ə endirsin.
“Sosial paketin ay sonuna reallaşdırılmasının inflyasiyaya təsirini müşahidə edəcəklər” – deyə Banker.az-a açıqlama verən maliyyəçi-ekspert Elman Sadıqov bildirir.
Maliyyəçi-ekspert bildirib ki, Mərkəzi Bank hazırda “sosial paket”in inflyasiyaya təsiri səbəbindən daha ehtiyatlı mövqe tutur: “Məhz bu səbəbdən uçot faiz dərəcəsinin düşürülməmə ehtimalı da mövcuddur. Bu ehtimal azdır, amma vardır. Məhz hazırkı mərhələdə, xüsusilə növbəti 3 ay ərzində Mərkəzi Bank daha çox gözləmə mövqeyi tutaraq inflyasiya göstəricilərini daha diqqətlə izləyəcək”.
Qeyd edək ki, iyulda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.50%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.
“İndilik isə inflyasiya təzyiqi aşağıdır, neftin qiyməti 60 dollar ətrafındadır, makroiqtisadi sabitlikdir” – deyə Redaksiyamıza açıqlamasında Sadıqov deyir.
Bildirək ki, Mərkəzi Bank Uçot dərəcəsini 5 dəfə dəyişib. Belə ki, 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.