10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank 2020-ci ilin son faiz qərarını verir – Gözlənti nədir?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftənin son iş gününə uçot faiz dərəcəsinə dair yeni qərar verməyə hazırlaşır. Mərkəzi Bank son il ərzində faiz dəhlizinə dair qərar vermək üçün 7 dəfə toplantı keçirib. Onların 2-də gözləmə mövqeyində qalmış, qalan hamısında 0.25% bəndi azaltmışdı.

Requlyatorun son iclasında deyilirdi ki, iqtisadiyyatda inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyü şəraitində inflyasiya səviyyəsi azalmaqda davam edir və qəbul edilmiş hədəf diapozonunun mərkəzindən aşağıda formalaşır.

MB son iclasında onu da qeyd edib ki, dünyada iqtisadi artımın bərpası prosesi ləng gedir ki, bu da dünya əmtəə və maliyyə bazarlarına neqativ təsir edir. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatının dinamikası ilə bağlı proqnozu yaxşılaşdırmaq istiqamətində təshih etmişdir: “Yeni proqnoza görə 2020-ci ildə qlobal iqtisadiyyatda 4.4% azalma gözlənilir. Lakin, dünyada epidemioloji vəziyyətin yenidən pisləşməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər bu proqnozun reallaşmasına mənfi təsir göstərə bilər. Bu şəraitdə ticarət partnyoru olan ölkələrdə resessiya daha da dərinləşir, maliyyə və valyuta bazarlarında dalğalanmaların miqyası əhəmiyyətli genişlənir”.

Cümə günü reallaşacaq 2020-ci ilin faiz dərəcəsinə dair iclasda isə Mərkəzi Bankın İdarə Heyətinin hansı qərar verəcəyi sual doğurur.

Bununla belə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında deyib ki, kredit faizlərinin “birrəqəmli olmasını istəyirik”. Onu da qeyd edib ki, faizlər yuxarıdır. Biz bank sektorunun risklərini aşağı salmalıyıq. Bu istiqamətdə görəcəyimiz işlər olduqca çoxdur.

Dövlət Statistikasının noyabr ayına olan inflyasiya rəqəmi indeksi 2.8%  olaraq qeyd edilib. Bu sentyabr və oktyabr ayında 2.9% təşkil edirdi. Mərkəzi Bank isə son iclasında qeyd edirdi ki, uçot dərəcəsi haqqında növbəti qərar noyabr-dekabr aylarında təzələnmiş inflyasiya proqnozları, makroiqtisadi göstəricilərin dinamikası, pandemiyadan və digər istiqamətlərdən gələn risklərdə dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir. Yəni göründüyü kimi son rəqəmlər requlyatorun hədəflədiyi inflyasiya risklərindən aşağıdır.

“Mövcud konyuktur nəzərə alınacaq” -deyə, Banker.az-a açıqlamasında CESD-in  daimi üzvü olan, iqtisadçı Rəşad Həsənov deyir. “Bu zaman 2021-ci ilin fiskal riskləri, yəni xərclərin artması ehtimalının bazarda pul kütləsini artırması və  dolayısı ilə valyutaya olan tələbin artması, həmçinin büdcə xərclərində valyuta ilə xərcləmələrin həcminin kəskin artacağı ehtimalı, ilin son rübündə valyutaya tələb artımı, pandemiyanın iqtisadiyyat üzərində təzyiqlərinin davam etməsi, qlobal enerji bazarlarında qiymət risklərinin qalması və daxili bazarlarda xüsusi ilə də son həftələrdə yaranan psixoloji təzyiqi nəzərə alaraq uçot faiz dərəcəsini sabit saxlayacaq”.

Xatırladaq ki, son 4 ay ərzində Azrbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 72.4 mln. dollar “əriyib”. Bu da 1.1% azalma deməkdir.

31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi (9% və 5.5%).

19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə MB-in İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Həmin dövirdə artıq Azərbaycan COVID-19 epidemiyasına görə “lockdown”a getməli olmuşdu. MB inflyasiya risklərinə görə uçot dərəcəsinə dair gözləmə mövqeyi tutaraq dəyişməz saxlamışdı.

1 May 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.

19 İyun 2020-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilmişdir.

30 iyul 2020-ci il tarixində isə MB-nin İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir.

18 sentyabr 2020-ci il tarixdə MB rəhbərliyi uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilmişdir.

30 oktyabr 2020-ci il tarixində MB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.5% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 7% səviyyəsində saxlanılmışdır.

 

Son xəbərlər
Digər xəbərlər