Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlarına əsasən, illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə isə 3.8% ətrafında olacağı gözlənilir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.
Qeyd edək ki, 2024-cü ilin oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilirdi.
AMB bildirib ki, ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.
Bildirilir ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. Məcmu tələbin izafi artımı büdcə xərclərinin və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə baş verə bilər. Qiymətləndirməyə görə dövlət büdcəsi xərclərinin və istehlak kreditlərinin inflyasiyaya toplam artırıcı təsirinin 2025-ci ildə 1 faiz bəndindən az olacağı gözlənilir. Bu səbəbdən, mövcud monetar şəraitin qalacağı halda qeyd olunan tələb amillərinə görə inflyasiyanın hədəf diapazonundan yayınması ehtimal olunmur.