Azərbaycan Mərkəzi Bankının baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair iclasında bildirilir.
Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənildirdi.
“Əsas diqqət edəcəyimiz məsələ tələb faktorlarıdır. Dövlət və ev təsərrüfatlarının istehlakı keçən ilin ilk 9 ayının nəticələrəinə əsasən müvafiq olaraq 6.6% və 10.5% artıb. Birgə illik inflyasiyaya 1.75 faiz bəndi artıcı təsir edib” deyə, Mərkəzi Bank sədri Taleh Kazımov bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5.2% təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.






