10 C
Baku
Sunday, May 19, 2024

Mərkəzi Bank: Azərbaycan banklarının kənar şoklara qarşı dayanıqlığı yüksəkdir

2022-ci ildə bank sektorunun əsas göstəriciləri üzrə müsbət trendlər müşahidə edilib.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.

Bank sistemində aktivlərin keyfiyyəti, gəlirlilik və likvidlik göstəriciləri qənaətbəxş səviyyədə olmuş, kapital mövqeyi prudensial tələblərə cavab verib. Həyata keçirilmiş requlyativ siyasət və mövcud nəzarət çərçivəsi bank sektorunun stabil fəaliyyətini təmin edib. Aparılmış təhlillər bank sektorunun kənar şoklara qarşı dayanıqlığının yüksək olduğunu göstərir.

Bank sisteminin maliyyə vasitəçiliyində rolu

Ölkədə bank-əsaslı maliyyələşmə modeli mövcuddur. Ölkə bank-mərkəzli maliyyə arxitekturasına malik olduğu üçün iqtisadiyyatın maliyyələşməsində bank sistemi əsas maliyyə vasitəçisi funksiyasını həyata keçirir. Bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 35.2% təşkil edir. Eyni zamanda, digər maliyyə dərinliyi göstəricisi olan kredit portfelinin ÜDM-ə nisbəti isə 14.6% təşkil edir (kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti 28%-dir). Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır ki, bu da bank sektorunun gələcək artım potensialını ifadə edir. Ölkədə 25 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 11-dir və bir xarici bankın yerli filialı mövcuddur. Sektorun xidmət şəbəkəsi 487 filial, 91 şöbə, 2997 ATM, 22.8 min nəfər işçidən ibarətdir. Hər 1000 km2 əraziyə düşən filial sayı 6, hər 100 min nəfərə düşən ATM sayı isə 29 təşkil edir. Ötən ilin sonu ilə müqayisədə xidmət şəbəkəsinin əhəmiyyətli genişlənmədiyi (filial şəbəkəsi üzrə artım 2%, ATM sayı üzrə artım 3%) müşahidə edilir. Bu, bank sektorunda rəqəmsal xidmət həllərinin artması ilə (bankların mobil tətbiqlərini təkmilləşdirməsi, rəqəmsal kart təkliflərinin artırılması və s.) izah olunur.

Bank sektorunun aktiv və öhdəliklərinin dinamikası

İqtisadi aktivliyin yüksəlməsi və bankların resurs bazasının genişlənməsi fonunda bank sektorunun balansının əhəmiyyətli genişlənməsi baş vermişdir. İl ərzində bank sektorunun aktivləri 22% (8.6 mlrd. manat) artaraq 47.1 mlrd. manat təşkil etmişdir. Öhdəliklər isə 24% (7.9 mlrd. manat) artaraq 41.4 mlrd. manat təşkil etmişdir.

2344

2022-ci ilin sonu üzrə bank sektorunun aktivlərinin 39%-i xalis kredit portfeli, 37%-i likvid aktivlər, 11%-i maliyyə institutlarına yerləşdirilmiş depozit və kreditlər, 13%-i isə digər aktivlər təşkil edir. Bank sektorunun öhdəlikləri əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, öhdəliklərin 54%-i hüquqi şəxslərin depozitləri, 28%-i fiziki şəxslərin depozitləri, 12%-i maliyyə institutları qarşısında öhdəliklər, 6%-i digər öhdəliklər təşkil edir.

2 3

Bank sektorunun aktivlərinin genişlənməsi əsasən iqtisadi aktivliyin artımı fonunda öhdəliklərin stabil artım tempi ilə uyğunlaşmışdır. Bank sektorunun cəlb etdiyi resursların dinamikası iqtisadiyyatın şəffaflaşması prosesi ilə nağdsız əməliyyatların artımı nəticəsində hüquqi şəxslərin depozitlərinin artımı həmçinin, bank sisteminə inamın əsas göstəricisi hesab olunan fiziki şəxslərin depozitlərinin artımı ilə dəstəklənmişdir. Belə ki, il ərzində hüquqi şəxslərin depozitləri 24%, fiziki şəxslərin depozitləri isə 27% artmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər