Pakistan İslam Respublikasına aid hər hansı özəl bank Azərbaycanda fəaliyyət göstərmək üçün müraciət etməyib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“Bildiririk ki, Pakistan İslam Respublikasının özəl bankına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanın verilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına rəsmi müraciət daxil olmayıb” – Mərkəzi Bankın cavabında vurğulanıb.
Qeyd edək ki, ötən gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xurram Javaid Bhatti Pakistanın Azərbaycanda bank olmayan kredit təşkilatı “MCB BOKT”un banka çevrilmək istədiyini və bunun üçün lisenziya almaqda maraqlı olduğunu açıqlamışdı. O, eyni zamanda bununla bağlı müzakirələrin getdiyini bildirmişdi.
Xatırladaq ki, “MCB Bank” Pakistanın böyük banklarından biridir və 2019-cu ildə Azərbaycanda “MCB BOKT”u təsis edib. BOKT-un səhmlərinin 99,94%-i sözügedən banka aiddir.