12 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank bank səhmdarları ilə bağlı mühüm qərar imzaladı

Azərbaycan Mərkəzi Bankı “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər etməklə, bundan sonra təkcə Səhmdarların Ümumi Yığıncağına deyil, bütün səhmdarlarla strateji baxış və missiya bəyanatını təqdim etməli olacaq.

Banker.az xəbər verir ki, bu qərarı AMB-nin İdarə Heyətinin sədri 12 sentyabr 2024-cü il tarixində imzalayıb.

Həmin qaydanın 3.4-cü yarımbəndinə əsasən hər bir bank öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün bankın səhmdarlarına təqdim edilir.

3.5-ci yarımbəndinə əsasən isə, bankın strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır. Strateji plan Müşahidə Şurası tərəfindən təsdiq olunur. Strateji plan azı üç illik dövrü əhatə edir, hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında strateji plana yenidən baxılır və bankın biznes profilində dəyişiklik baş verdikdə, habelə bankın fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər olduqda strateji planda müvafiq dəyişikliklər edilir. Strateji plan və onda edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 (otuz) gün ərzində məlumat üçün bankın səhmdarlarına və Mərkəzi Banka təqdim edilir. Strateji planda bankın strateji baxışı, missiya bəyanatı, risklərin təhlili, inkişaf prioritetləri və həyata keçiriləcək fəaliyyət növləri, onlar üzrə strateji hədəflər və tədbirlər planı, strateji planın həyata keçirilməsi üçün tələb olunan təşkilati struktur və maliyyə proqnozları əks etdirilir.

Əlavə edilmiş 7.6.7-ci yarımbəndinə əsasən isə, bankın səhmdarları Audit Komitəsinin, Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin (yaradıldığı halda) üzvü ola bilməzlər.

Bununla belə qeyd edilir ki, bu Standartların 7.6.7-ci yarımbəndi Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin (yaradıldığı halda) üzvü bankın kapitalında 10 (on) faizədək paya sahib olan səhmdarlara 2025-ci ilin sentyabr ayının 8-dək şamil edilmir.

Son xəbərlər
Digər xəbərlər