Azərbaycan Mərkəzi Bankı (AMB) qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı bir sıra xidmətlərə görə vergi ödəməkdən azad ediləcək.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin xidmətlər xəzinə avadanlıqlarına texniki xidmət, pul nişanlarının istehsalı, daşınması, sazlanması, sığortalanması və istehsalının auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi ilə bağlı xidmətlər, informasiya sistemləri üzrə dəstəkləmə xidmətləri, habelə qurumun məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətləridir.