Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sistemində təmərküzləşmə səviyyəsi aşağı olsa da təmərküzləşmə əlamətləri müşahidə olunur.
Bu barədə Banker.az-a 2022-ci ilin I yarımili üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi hesabatında deyilir.
Təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksi – HHİ BOKT sistemində aşağı təmərküzləşmənin olmasını göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli BOKT-lərin sayının çox olmasıdır. Belə ki, aktivlərin və kredit portfelinin sektor üzrə payına görə HHİ müvafiq olaraq 514 və 568 təşkil edir. Lakin qeyd edək ki, sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 13 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların sektorda payı 73.6%-dir (323.8 mln. manat). Həmçinin aktivlərinin məbləği 2 mln. manatdan aşağı olan 25 BOKT mövcuddur ki, bu təşkilatlar sektorun yalnız 5.3%-i təşkil edir.
HHİ indeksi – beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHİ-nin dəyəri 0-10000 arasında dəyişə bilər.
Təmərküzləşmə – istehsalın, xidmətin iri müəssisələrdə cəmlənməsidir. Buna təmərküzləşməsi deyilir. Metallurgiya, maliyyə, maşınqayırma, kimya, yüngül sənaye və tikinti materialları istehsalı müəssisələri istehsal gücünə görə iri olur. İstehsal obyektlərinin kiçik ərazidə cəmlənməsi müəssisələrin ərazi üzrə təmərküzləşməsinə səbəb olur.