Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdir.
Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdir.
“Pandemiyanın təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır ki, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir” – deyə AMB bildirir.
Valyuta bazarında tarazlığın davam etməsi, pul təklifinin və kredit qoyuluşlarının zəifi artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilmişdir. Digər tərəfdən qlobal enerji daşıyıcıları bazarında müşahidə edilən son meyillər, onların 2021-ci ildə də davam etməsi perspektivləri ölkənin xarici mövqeyinin və iqtisadi subyektlərin gözləntilərinin yaxşılaşmasını dəstəkləyə bilər.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar pandemiyanın təsirləri, iqtisadiyyatın bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları nəzərə alınmaqla qəbul ediləcəkdir.
31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi (9% və 5.5%).
19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə MB-in İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Həmin dövirdə artıq Azərbaycan COVID-19 epidemiyasına görə “lockdown”a getməli olmuşdu. MB inflyasiya risklərinə görə uçot dərəcəsinə dair gözləmə mövqeyi tutaraq dəyişməz saxlamışdı.
1 May 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.
19 İyun 2020-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilmişdir.
30 iyul 2020-ci il tarixində isə MB-nin İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir.
18 sentyabr 2020-ci il tarixdə MB rəhbərliyi uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilmişdir.
30 oktyabr 2020-ci il tarixində MB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.5% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 7% səviyyəsində saxlanılmışdır.