2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank faiz qərarı verir, İdarə Heyəti “əyləcdən” ayağını götürəcəkmi?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı həftə sonu uçot faiz dərəcəsinə dair qərarını verir. Bankın İdarə Heyətinin bu dəfə ayaqlarını “əyləcdən” götürüb-götürməyəcəyi maraqla izlənilir.

Artıq planlaşdırılan 8 iclasdan 6-sı keçirilib və sonuncu dəfə mart iclasında artıma gedilib.

AMB-nin ikinci iclasından sonra İdarə Heyətinin sədri dəyişib və yeni sədr Taleh Kazımov faiz parametrlərinə hələ ki, toxunmayıb. Lakin yeni sədr T.Kazımov faiz dəhlizinin iqtisadiyyat və monetar siyasətdə rolu az olduğundan, anti-inflyasiya tədbiri olaraq digər alətlərdən istifadə etməyə başlayıb.

01.09.2022 tarixindən etibarən faiz parametrlərində aşağı hədd 4.00%, yuxarı hədd 9.25% və uçot faiz dərəcəsi 7.75%-dir. Mərkəzi Bank son iclasında bildirib ki, pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.

Picture1

Azərbaycanda orta illik inflyasiya sentyabrda 13.2%-dən 13.4%-ə yüksəlib. Adətən mərkəzi banklar inflyasiyanı boğmaq və milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün bazara açıq və qapalı formada müdaxilələr edirlər.

Ölkənin ticarət balansı 2022-ci ilin sentyabrı üzrə 18 mlrd. dollarlıq qalıq (profisitlə) tamamlanıb. Bu, öz növbəsində iri həcmli müsbət tədiyyə balansını şərtləndirir.

Azərbaycan Mərkəzi Bankı pul siyasətinə aşağıdakı alətlərlə təsir edir:

  1. Faiz dərəcələrinin müəyyənləşdirilməsi;
  2. Açıq bazarda əməliyyatlar;
  3. Məcburi ehtiyat normaları;
  4. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
  5. Depozit əməliyyatları;
  6. Beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.

Kazımovun komandası cari ilin iyununda inflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulan qərar qəbul etdi.

Qiymətləndirmələrə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmi 0.044% artırıcı təsir göstərir.

Bu o deməkdir ki, banklar əvvəlki dövrdən fərqli olaraq, cəlb etdikləri vəsaitlərin daha çox hissəsini kredit qoyuluşuna yönəltmək əvəzinə AMB-nin hesabında passiv şəkildə saxlamalı olacaqlar. Bu da öz növbəsində kredit resurslarının maya dəyərini artırmalı olur.

İkinci müdaxilə isə sentyabrdan tətbiq edilməyə başladı. AMB İdarə Heyətinin dəyişikliklə bağlı yaydığı məlumatda deyilirdi ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilib.

Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır. 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9.25%) bərabərdir. 1 günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb.

Bundan başqa, sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7.75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7.75%-9.25%) arasındakı intervalda müəyyənləşəcək.

Bu, o deməkdir ki, Mərkəzi Bankın məqsədi uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini gücləndirməkdir. Çünki indiyə qədər AMB bu alətlə bazara tam güclə təsir edə bilməyib.

Qeyd edildiyi kimi onun bazara təsir etdiyi digər güclü alət sterilizasiyadır. Yəni, not hərracları ilə bazardan manatı (milli valyutanı) yığır ki, bu da öz növbəsində manatın inflyasiyasının qarşısını alır.

Əlavə fakt kimi bunu da deməliyik ki, MDB məkanında Azərbaycan faiz parametrlərini nəzərə alsaq, hələ ki, ən yumşaq pul siyasəti həyata keçirən ölkədir.

Cari durumda AMB-nin uçot faiz dərəcəsinə yenidən toxunmayacağı üçün bir çox əsaslar yaranıb.

Banker.az-ın analitikləri Mərkəzi Bankın sentyarbrdan faiz dərəcəsinin aşağı həddinin 6.25%-dən 4.00%-ə endirməsini nəzərə alaraq, uçot faiz dərəcəsinə toxunmasını ehtimalının az olduğunu bildirirlər.

Banker.az-a açıqlama verən deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, uçot faiz dərəcəsi üzrə ciddi dəyişikliklər gözlənilmir.

“Hazırda Mərkəzi Bankın uçot dərəcəsi valyuta bazarına, o cümlədən, məzənnə siyasətinə xüsusi təsir etmir”- deyə, V.Bayramov bildirir.

Uçot faiz dərəcəsi nədir?

Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kredit alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Son xəbərlər
Digər xəbərlər