Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməyən bir neçə kredit ittifaqına qarşı tədbirlər görüb.
Məlumata görə, “İşgüzar-Kredit İttifaqı” MMC, “Total Finans Kredit İttifaqı” MMC qanunvericiliyin tələblərini pozaraq maliyyə hesabatlarını təqdim etməyiblər.
“Kredit ittifaqları haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, kredit ittifaqları hər il kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməlidir. Lakin adıçəkilən kredit ittifaqları bu öhdəliyi yerinə yetirmədiyindən, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndi rəhbər tutularaq, onlara 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlərlə birlikdə Mərkəzi Banka təqdim edilməsi barədə icrası məcburi olan göstərişlər verilib.
Bundan öncə 6 digər şirkətlə bağlı eyni məsələyə görə barəsində məcburi göstəriş verib.
AMB-nin bundan öncəki siyahısında isə eyni məsələ üzrə “Stimul” Kredit İttifaqı MMC, “Ləman” Kredit İttifaqı MMC, “Hacıoğlu Kredit İttifaqı” MMC, “Stimul Kredit İttifaqı” MMC və “İnci Kredo Kredit İttifaqı” MMC-nin adı vardı.
“Kredit ittifaqları haqqında” qanunun 17.3-cü maddəsinə görə, kredit ittifaqı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, mətbu orqanda və ya özünün rəsmi internet səhifəsində (olduğu halda) dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir.