Ötən iclasdan bəri Azərbaycanda illik inflyasiya tempi azalmaqda davam etmişdir. 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8%, 12 aylıq baza inflyasiya isə 1.4% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 0.3%, qeyri-ərzaq inflyasiyası 1.4%, xidmətlər inflyasiyası isə 2.3% olub.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin press-relizində qeyd edilir.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, İdarə Heyətinin ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib.
Xarici mənşəli başlıca inflyasiya riskləri odur ki, geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər. O cümlədən fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri istisna edilmir.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılmışdır.
Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır.