14 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank: İllik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir

Azərbaycanda inflyasiyaya təsir edə biləcək risklər mövcuddur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

“Geosiyasi gərginliklərin davam etməsi dünya bazarında müxtəlif əmtəələr üzrə qiymətlərin yenidən artmasına səbəb ola bilər. Belə ki, son vaxtlar Qırmızı dəniz ətrafında yaranmış vəziyyət qlobal təchizat zəncirinə ciddi təsir göstərir. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayırlar. İqlim dəyişiklikləri də ərzaq qiymətlərinə təsir göstərməkdə davam edir. Lakin qlobal iqtisadi aktivliyin zəifliyi və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər.

İnflyasiyanı artıra biləcək başlıca daxili risklər məcmu tələbin izafi artımı və daxili xərc amillərinin aktivləşməsi ola bilər. Mövcud meyillərin davam etməsi halında son 2 ildə olduğu kimi 2024-cü ildə də AMB-nin valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər. Büdcə xərclərinin dinamikası və kredit aktivliyi daxili tələb faktorları kimi daim diqqətlə izlənilir.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir”, – deyə qurum bəyan edib.

 

Son xəbərlər
Digər xəbərlər