Azərbaycan Mərkəzi Bankının yenilənmiş iyul proqnozuna görə, 2026-cı ilin sonu üzrə illik inflyasiya proqnozu 6.1%-ə yüksəldilib. Halbuki, Mərkəzi Bankın may proqnozunda bu göstərici 5.9% səviyyəsində idi.
Banker.az xəbər verir ki, 2027-ci ilin sonu üzrə inflyasiya proqnozu da artırılaraq 5.8% müəyyən edilib. May proqnozunda bu göstərici 4.5% idi. Bununla yanaşı, AMB ilk dəfə olaraq 12 ay sonrakı dövr üzrə də proqnoz açıqlayıb və 2027-ci ilin iyun ayında illik inflyasiyanın 6% olacağını gözlədiyini bildirib.
Mərkəzi Bank inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsini əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin güclənməsi ilə izah edir. Qurumun qiymətləndirməsinə görə, bu təsirlər ortamüddətli dövrdə qalıcı xarakter daşımayacaq.
AMB bildirir ki, illik inflyasiya hələ də hədəf intervalı (4±2%) daxilində qalır və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya isə 5.5% səviyyəsində qeydə alınıb.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində dəyişməz saxlanılıb. AMB bildirir ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, daxili maliyyə bazarında gedən proseslər, eləcə də valyuta bazarında təklif və tələb arasındakı tarazlıq nəzərə alınıb.
Mərkəzi Bankın qiymətləndirməsinə görə, mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi, həmçinin ticarət tərəfdaşlarından inflyasiya idxalının artması əsas risklər olaraq qalır. Bununla yanaşı, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya təzyiqlərinin bir hissəsini kompensasiya edən amil kimi qiymətləndirilir.
AMB hesab edir ki, mövcud fiskal və pul siyasəti şəraitində daxili tələb amillərinin inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil. Qurumun baza ssenarisinə görə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən yenidən hədəf səviyyəsinə qayıdacağı gözlənilir.







