17 C
Baku
Wednesday, May 8, 2024

Mərkəzi Bank inflyasiyanın “hədəf çərçivəsində” olduğunu deyir

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalıb.

Bu barədə Banker.az-a AMB-dən faiz dəhlizinin parametrləri ilə bağlı İdarə Heyətinin 19 mart 2021-ci il tarixli qərarına şərhdə qeyd edilir.

Rəsmi statistikaya görə istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1.6%, ötən ilin fevralına nəzərən 4.2% artıb.

“İnflyasiya ilk növbədə dünya əmtəə qiymətlərinin və bəzi inzibati qiymətlərin yüksəlməsi kimi xərc amillərindən təsirlənib. Qeyri-ərzaq məhsullarının və xidmətlərin bahalaşmasının inflyasiyada rolu nisbətən artmışdır”.

Requlyator AMB qeyd edir ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-fevral aylarında 2.1% təşkil etmişdir.

“İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor müəssisələri üzrə monitorinq nəticələrinə görə fevralda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət və xidmət sektorlarında sabit qalmışdır. Qeyri-neft sənayesində inflyasiya gözləntisi yanvardakı artımın ardınca nisbətən azalmışdır. Tikinti sektorunda isə qiymət gözləntisinin azalma meyli davam etmişdir”.

Mərkəzi Bank açıqlayır ki, mart ayında yenilənmiş proqnozlara görə mövcud pul siyasəti nəzərə alınmaqla inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapozonunda formalaşacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər