Bu gün Azərbaycan tamamilə yeni iqtisadi tsikldədir. Bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, 1996-2016-cı illərdə Azərbaycanda orta hesabla 9,4% iqtisadi inkişaf baş verib, 2006-cı ildə isə ümumi daxili məhsulun (ÜDM) rekord səviyyədə – 34,5%-lik artımı qeydə alınıb: “Lakin iqtisadi konyunktura daimi deyil. Son illər qlobal maliyyə və əmtəə bazarlarında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Azərbaycan neftdən əldə etdiyi gəlirin 2/3 hissəsini itirdi və son nəticədə 2016-cı ildə ölkənin ticarət balansında 1,4 mlrd. dollarlıq kəsir yarandı, buna görə də Azərbaycan manatının məzənnəsinə yenidən baxmaq zərurəti yarandı. Hazırda qarşıda duran məqsəd iqtisadiyyatı əvvəlki vəziyyətinə qaytarmaqdır”.
E.Rüstəmov qeyd edib ki, Azərbaycan manatının məzənnəsi 5 aydır ki, üzən rejimdə müəyyən edilir: “Bu dövrdə 1 ABŞ dolları 1,92 manata qədər bahalaşdı, lakin qısa müddətdə Azərbaycan manatının məzənnəsi sabitləşdi və hazırda pik həddən 11% aşağıdır. Ümumilikdə isə manatın real effektiv məzənnəsi 50%-dən çox azalıb, bu da məqsəduyğundur. Çünki güclü manat idxalı artıra, əlavə problemlər yarada bilər. Qeyri-neft sektorundan ixracın artımı isə manatın məzənnəsinin bazar iştirakçıları üçün əlverişli olmasını tələb edir”.
“Bu ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Onu qeyd edim ki, məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur”, – deyə AMB sədri qeyd edib.
E.Rüstəmov əlavə edib ki, rəhbərlik etdiyi qurum geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb və onu bu günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inamın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub.