Mərkəzi Bank: keçən il sığorta sektorunda mənfəət azalıb

Azərbaycanda sığorta sektoru 2025-ci ildə mənfəətlə fəaliyyət göstərsə də, sektorun gəlirliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ildə sığorta sektorunun xalis mənfəəti 4% (7 mln. manat) azalaraq 166 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəət 7 mln. manat azalaraq 86 mln. manata, həyat sığorta şirkətləri üzrə mənfəət isə 1 mln. manat azalaraq 79 mln. manata düşüb.

2025-ci ilin sonunda sığorta sektorunun məcmu kapitalı ötən ilin sonuna nisbətən 1 mln. manat artaraq 381 mln. manat olub, tələb olunan kapital isə 1 mln. manat artaraq 205 mln. manat təşkil edib.

Sığorta sektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artaraq 86% olub. Tibbi sığorta üzrə, bazar payı 21% olmaqla, zərər əmsalı 4 faiz bəndi azalaraq 80% olub, xərc əmsalı 3 faiz bəndi artaraq 25% olub, yekun zərərlilik dərəcəsi isə 1 faiz bəndi azalaraq 105% olub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, bazar payı 27% olmaqla, zərər əmsalı 11 faiz bəndi artaraq 85% olub, xərc əmsalı 2 faiz bəndi azalaraq 28% olub, yekun zərərlilik dərəcəsi isə 10 faiz bəndi artaraq 113% olub. Avtonəqliyyat vasitələrinin sığortası üzrə, bazar payı 11% olmaqla, zərər əmsalı 4 faiz bəndi artaraq 52% olub, xərc əmsalı 1 faiz bəndi azalaraq 34% olub, yekun zərərlilik dərəcəsi isə 3 faiz bəndi artaraq 86% olub.

Son xəbərlər
Digər xəbərlər