Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 24 fevral tarixindən etibarən sığortalanmış əmanətlər üçün faizlərin maksimal həddə – 9%-dən 12%-ə qədər qaldırmaq barədə qərar qəbul etdi. Qərar isə 24 fevral 2015-ci il tarixindən qüvvəyə minəcək. 24 fevraldan sonra 12%-dən yüksək faizlə yerləşdirilən əmanətlər sığortalanmamış hesab ediləcək.
Qeyd edək ki, bir çoxları bu xəbərlə fondun bu addımla əmanətini manatla sığortalayanların zərərlərinin bir hissəsini az da olsa təzminat etmək niyyətində olduğunu düşündü. Xeyr, geriyə dönüş olmayacaq, devalvasiya artıq baş verib və bu mövzuya geri dönüş olmayacaq. Bundan sonra görülən tədbirlər əhaliyə vurulan sosial zərbəni bir qədər yumşaltmağa xidmət edir.
Sığortalanan əmanətlər üzrə faizlərin maksimal həddə qaldırılmasının yatırımçılara və ümumilikdə ölkə iqtisadiyyatına nə kimi təsir edəcəyinə nəzər salaq.
Əsas odur ki, bu əhalinin yatırımlarının banklara cəlb edilməsinə xidmət edəcək. Sirr deyil ki, manatla bağlı baş vermiş devalvasiya ilə əlaqədar olaraq bir çox insanlar depozitlərini geri götürmüş, bəziləri manatı digər valyutaya dəyişmiş, digərləri isə lazımi məhsullar almışdır. Lakin hələ ki, kifayət qədər manata sahib olan vətəndaş da az deyil. Onlar isə bu manatları hələ ki, banka yatırmağa tələsmir. Sığortalanan əmanətlə üzrə faiz dərəcəsinin 12%-ə qaldırılması isə onların şübhələrinə son qoya bilər.
Sığortalanan əmanətlər üzrə faizlərin artırılması avtomatik olaraq sığortalanmayan əmanətlər üzrə də faizlərin qaldırılmasına təsir edəcək. Təəssüflər olsun ki, Azərbaycanda sığortaya maraq elə də sürətlə inkişaf etmir. İndi isə sığortalanan əmanətlər üzrə faizlərin 12%-ə qaldırılması halında, adi yatırım faizləri də əvvəllər olduğu kimi 20%-ə qədər qalxacaq. Və sirr deyil ki, bu yüksək gəlirdən imtina etməyəcək olan insan az deyil.
Düzdür, bəziləri belə hesab edir ki, yatırımlar üzrə faizlərin artımı kredit faizlərinin də artımına təsir edəcək, inflyasiya yaradacaq və iqtisadiyyatda durğunluq baş verəcək. Burada həqiqət payı da az deyil. Sözsüz ki, bank yatırımları üzrə faizlər də qaldırılacaq.
Dövriyyədən əhalinin əlində toplanmış artıq kağız pulların yığılması yolu ilə pul kütləsinin azaldılması inflyasiyaya deyil, deflyasiyaya səbəb olur. Düzdür, iqtisadçılar deflyasiyadan daha çox qorxurlar. Deflyasiya – pulların dəyərinin artması, qiymətlərin enməsi, maaş və kreditlərin məhdudlaşdırılması və adətən işsizliyin artması ilə müşahidə edilən iqtisadi vəziyyətdir. Lakin hazır ki halda gözlənilən deflyasiya sadəcə olaraq pul islahatına aid ediləcək. Deməli, bu tənzimlənən xarakterli olacaq və xüsusi təhlükə daşımayacaq.
Qeyd edək ki, hazırda sığortalanmış əmanətlər üzrə təzminatın həcmi 30 000 manat təşkil edir. Yatırımçılar əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta mükafatları isə yalnız fondun üzv-bankları tərəfindən həyata keçirilir. Ola bilsin ki, bu məbləğ də zamanla artsın. Mərkəzi Bank isə əhali və bzines üçün yeni və daha cəlbedici variantlar təklif edəcək. Bu gün bu iqtisadiyyat və əhali üçün vacibdir və Mərkəzi bankın addımlarını mənfi olaraq qəbul etmək lazım deyil.
Təbii ki, hər kəs kənardan Mərkəzi bankın bu və ya digər addımını öncədən analiz etmək iqtidarında deyil. Maliyyə sahəsi çətin və kifayət qədər spesifik sahədir və buradan istənilən iqtisadçı baş çıxara bilməz.
Haqqın.az, Məmməd Əfəndiyev