Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (Manato.az) və onun vəzifəli şəxsləri barəsində 2025-ci il ərzində bir neçə inzibati qərar qəbul edilib.
Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına görə, 2025-ci ilin dekabr ayında aparılan nəzarət tədbirləri zamanı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, həmçinin kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.
Qeyd olunan pozuntu ilə bağlı 2025-ci ilin avqust ayında da analoji inzibati tədbir görülüb. Belə ki, eyni qanunvericilik tələblərinin pozulmasına görə “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində inzibati cəriməyə cəlb olunmuşdu.
Bundan əvvəl, 2025-ci ilin fevral ayında isə daha ciddi xarakterli pozuntular aşkarlanıb. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələri əsasında “SF Azerbaijan” BOKT MMC 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.
2025-ci il ərzində “SF Azerbaijan” BOKT MMC və onun vəzifəli şəxsləri barəsində ümumilikdə üç inzibati qərar qəbul edilib.
Xatırladaq ki, “SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb. BOKT-nin səhmdarları 95% ilə “AS HSFCA”, 2.5 faizlə Rüfat Quliyev Faiq oğlu və 2 faizlə Kristis Krumisə məxsusdur.
Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri olduğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalanın 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır.







