Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları elektron platforma üzərindən – onlayn şəkildə verməyi planlaşdırır.
Bunu qurumun şöbə rəisi Ramil Mahmudov Bakıda keçirilən “Ticarətdə qeyri-tarif maneələri” mövzusunda tədbir çərçivəsində təşkil olunmuş “Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.
“Bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Bunlardan biri də lisenziyaların elektron verilməsi üçün platformadır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarda əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq”, – deyə o qeyd edib.
R.Mahmudov əlavə edib ki, hazırda AMB-nin elektron müraciət sistemi fəaliyyət göstərir: “İstənilən sahibkar quruma müraciət edib rəsmi şəkildə cavab ala bilər”.