22 C
Baku
Thursday, May 2, 2024

Pakistan Milli Bankının Bakı Filialının lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir. Qeyd edilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, xarici kommersiya bankı olan Pakistan Milli Bankının müraciəti əsasında bu qərara gəlinib.

“Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlmişdir”- deyə, məlumatda deyilir.

Mərkəzi Bankdan bildirilir ki, requlyator tərəfindən Pakistan Milli Bankının Bakı Filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən Filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb.

Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6.7 mln. manat) cəmi öhdəliklərini (0.5 mln. manat) dəfələrlə üstələyir.

Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və Filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək.

“Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcəkdir”- deyə, məlumatda qeyd edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər