Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin ötən iclasından keçən müddətdə monetar şərait yumşalmaqda davam etmişdir ki, bu da məcmu tələbin iqtisadiyyatın potensialına uyğun olaraq dəyişməsinə xidmət edir.
Bu barədə Banker.az AMB-nin İH-nin 13 dekabr 2019-cu il tarixindəki sonuncu qərarında deyilir.
Manatla pul bazasının artım tempinin yüksələrək 14%-ə çatması əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır.
Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62.5%-dən noyabr ayında 54.1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54.6%-dən 49.5%-ə enmişdir.
Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16.1% artmışdır. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11.6% artmışdır.