Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının saxtalaşdırılmasının qarşısının alınması məqsədilə pul nişanlarının reproduksiya qaydalarını müəyyənləşdirilib.
Banker.az xəbər verir ki, bununla bağlı qaydanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov imzalayıb.
Bura Mərkəzi Bank tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının reproduksiyasına da şamil olunur.
51_2-“Pul nişanlarının reproduksiyası Qaydası”nın təsdiq edilməsi barədə
Təsdiq edilmişdir”
Azərbaycan Respublikası Mərkəzi Bankı
Qərar № 51/2
“25” oktyabr 2023-cü il
Pul nişanlarının reproduksiyası Qaydası
- Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı və 41-1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qayda Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının (bundan sonra – pul nişanı) saxtalaşdırılmasının qarşısının alınması məqsədilə pul nişanlarının reproduksiya qaydalarını müəyyənləşdirir.
1.3. Bu Qayda ilə müəyyən olunmuş tələblər Mərkəzi Bank tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının reproduksiyasına da şamil olunur.
1.4. Bu Qayda ilə müəyyən olunmuş tələblər Mərkəzi Bank tərəfindən maarifləndirici materialların və informasiya bülletenlərinin istehsalı məqsədilə hazırlanan milli pul nişanlarının reproduksiyasına şamil edilmir.
- Anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. pul nişanı – Mərkəzi Bank tərəfindən tədavülə buraxılan və müəyyən olunmuş texniki parametrlərə, dizayn və mühafizə elementlərinə malik olan nağd ödəniş vasitəsi;
2.1.2. reproduksiya – həqiqi pul nişanının bütöv səthinin, yaxud müəyyən hissəsinin və ya fərdi dizayn elementinin təsvirindən istifadə etməklə pul nişanının bənzərinin yaradılması;
2.1.3. birtərəfli reproduksiya – pul nişanının ön və ya arxa tərəfinin təsvirinin reproduksiyası;
2.1.4. ikitərəfli reproduksiya – pul nişanının hər iki tərəfinin (ön və arxa) təsvirlərinin reproduksiyası;
2.1.5. elektron reproduksiya – pul nişanlarının elektron təsvirinin reproduksiyası;
2.1.6. dpi (dots per inch) – elektron təsvir çap olunan zaman hər düymə (2.5 sm bərabər ölçü vahidi) düşən nöqtələrin sayı;
2.1.7. ppi (pixel per inch) – kompüterdə elektron təsvirin hər düymünə (2.5 sm bərabər ölçü vahidi) düşən piksel sayı.
- Kağız pul nişanlarının reproduksiyası
3.1. Kağız pul nişanının reproduksiyası Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanının orijinal kağızından fərqlənən materialdan hazırlanmalıdır.
3.2. Kağız pul nişanının hər iki tərəfinin və ya müəyyən hissəsinin, eləcə də pul nişanının fərdi dizayn elementinin reproduksiyasının rəng tonu Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya ən azı 30 faiz açıq olmalıdır.
3.3. Kağız pul nişanının üzərində reproduksiya olunma halları istisna olmaqla, Mərkəzi Bankın sədrinin imzası digər hallarda ayrı element şəklində reproduksiya edilə bilməz.
3.4. Kağız pul nişanının reproduksiyasının üzərində aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.
3.5. “REPRODUKSİYA” sözünün uzunluğu kağız pul nişanının reproduksiyasının uzunluğunun ən azı 75 faizini, hündürlüyü isə reproduksiyanın eninin ən azı 15 faizini təşkil etməlidir.
3.6. İkitərəfli reproduksiyanın ölçüləri (eni və uzunluğu) Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının səthinin 50 faizinə qədər və ya 200 faizindən çox olmalıdır.
3.7. Birtərəfli reproduksiyanın ölçüləri (eni və uzunluğu) Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının səthinin 75 faizinə qədər və ya 125 faizindən çox olmalıdır.
3.8. Kağız pul nişanının müəyyən hissəsinin və ya fərdi dizayn elementinin reproduksiyası Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanının həmin hissəsinin və ya dizayn elementinin ölçüsündən 1/2 dəfə kiçik və ya 2 dəfədən böyük olmalıdır.
3.9. Kağız pul nişanının elektron reproduksiyasının keyfiyyəti 72 ppi-dan (72 dpi) çox olmamalıdır.
- Metal pul nişanlarının reproduksiyası
4.1. Metal pul nişanlarının reproduksiyası hamar səthdə əks etdirilməli və Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarında olan qabarıq dizaynda hazırlanmamalıdır.
4.2. Metal pul nişanlarının reproduksiyası metal olmayan və metal görüntüsü yaratmayan materialdan hazırlanmalıdır.
4.3. Metal pul nişanlarının reproduksiyasının ölçüləri (diametri və qalınlığı) Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının ölçülərindən 1/2 dəfə kiçik və ya 2 dəfədən böyük olmalıdır.
- Yekun müddəalar
5.1. Bu Qaydanın tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.
5.2. Dövriyyədə bu Qaydanın tələblərinə uyğun olmayan reproduksiyalar aşkar edildikdə, bu barədə məlumat qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərilir.