Azərbaycan Mərkəzi Bankı (AMB) bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Tender elanına əsasən, tenderdə bu sığorta növləri üzrə xidmət göstərmək üçün lisenziyası olan sığorta şirkətləri iştirak edə bilərlər.
Həmçinin, tender iştirakçıları son il ərzində maliyyə vəziyyətinə dair bank arayışı, 2014-cü il və 2015-ci ilin I rübü üçün maliyyə hesabatını təqdim etməlidirlər. Bununla yanaşı, tenderdə iştirak edən sığorta şirkətləri ən azı 5 mln. manat məbləğində kapitala malik olmalıdırlar.
Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: qiymət, təklif edilmiş paket üzrə sığorta şərtləri, franşizanın həcmi, təkrarsığorta şirkətlərinin reytinqi.
Tender üzrə təkliflər avqustun 6-na qədər qəbul ediləcək, avqustun 7-də isə qiymətləndiriləcək. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manat təşkil edir.
Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pullarının sığortalanması üzrə xidmətlər 2015-ci il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır.
Nəqliyyat vasitələri sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası üzrə xidmətlər 2016-cı il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.
Xəbər verildiyi kimi, hazırda AMB-yə əsas vəsaitlərin sığortalanması üzrə “AzSığorta”, nağd pulların sığortalanması üzrə “PAŞA Sığorta”, avtomobillərin sığortalanması üzrə “Azərbaycan Sənaye Sığorta” şirkətləri xidmət göstərir.