“Təəssüflər olsun ki, Azərbaycanın bölgələrində yerləşən inzibati məhkəmələrdə çətinliklərlə qarşılaşırıq. Belə ki, inzibati orqanın nümayəndəsi məhkəməyə gəlib, inzibati protokolunu müdafiə etmək istəmir. Belə olan halda “sübutetmə yükü” cavadehin, yəni, sahibkarın üzərinə düşür”.
Bunu Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev deyib.
Vəkil inzibati işlər üzrə yaranan problemlərə toxunaraq qeyd edib ki, əsas çətinliklər bank işi və gömrük qanunvericiliyindən irəli gələn məhkəmə mübahisələrində yaranır: “Bir çox hallarda inzibati xətanı aşkar edən orqanın nümayəndəsi rayon məhkəmələrinə gəlmir, yalnız inzibati protokolu göndərir. Hakimlərin də bu kimi işlərdə təcrübəsi kifayət qədər olmadığından bütün yük fərdi sahibkar və ya hüquqi şəxsin üzərində qalır.
Məsələn, Azərbaycan Mərkəzi Bankı bir şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə 5 cərimə protokolu tərtib edib. Ağdaş Rayon Məhkəməsi işə baxır, lakin nə birinci instansiyada, nə də apellyasiya mərhələsində şikayəti verən orqan Mərkəzi Bankın hüquqşünasları iştirak edirlər. Burada iş yükü vəkilin üzərinə düşür. Sahibkar vəkilə müraciət edir, vəkil lazımi sənədləri məhkəməyə təqdim etmək, sorğular vermək, araşdırma aparmaq üçün bəzən həm hakimin, həm də inzibati orqanın nümayəndəsinin yerinə işləməli olur. Halbuki, qarşı tərəf məhkəməyə gəlib, sübut etməlidir ki, burada inzibati xəta törədilib. İnzibati orqan məhkəmədə iştirak edəndə suallar verilir və nəticədə işin tam araşdırılıb, ədalətli qərar çıxarılmasına nail olunur”.
Ş.Mirzəyev hesab edir ki, bu, sahibkarların hüquqlarının pozulmasına səbəb olur: “Protokolu tərtib edən inzibati orqanın məhkəmədə iştirak etməməsi sahibkarlara bir çox problemlər yaradır. Sahibkar vaxt itirir, əlavə xərcə düşür. Ancaq sevindirici hal ondan ibarətdir ki, son illərdə gənc hakimlər məhz inzibati işlərdə “gözünü yumub” inzibati orqanın xeyrinə qərar qəbul etmirlər. Doğrudan da, mən şahid oluram ki, yeni təyin olunmuş hakimlər işi araşdırıb, qərar qəbul edirlər”.