-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank təkzib etdi

Son zamanlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank fəaliyyətini tənzimləyən hüquqi-normativ bazaya edilən dəyişikliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq şərhlər dərc edilir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edilmişdir. “Bank kapitalının və onun adekvatlığının hesablanması” və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması“  Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcəkdir.

Bundan başqa, Mərkəzi Bank tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilmişdir. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır. Bu tələblə, aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.

Bundan əlavə bildiririk ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur.

Mərkəzi Bank, situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcəkdir. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaqdır.

Bununla yanaşı, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır. Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.

Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir.

Son xəbərlər
Digər xəbərlər