14 C
Baku
Sunday, November 24, 2024

Mərkəzi Bank tərəfindən “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edildi

Müasir dünyada rəqəmsallaşma istiqamətində baş verən yeniliklər fonunda ölkəmizin maliyyə bazarlarında həyata keçirilən intensiv rəqəmsallaşma tədbirləri məsafədən təqdim edilən maliyyə xidmətlərinin çeşidinin və əlçatanlığının artırılması ilə yanaşı maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə müvafiq risklər formalaşdırmaqdadır.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

“Bu baxımdan ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə maliyyə bazarlarında kiber dayanıqlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və digər bu istiqamətdə məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir”.

Məlum olduğu kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” 2022-ci il 1 aprel tarixindən qüvvəyə minmişdir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” (Strategiya) hazırlanaraq təsdiqlənmişdir.

Bu Strategiyanın vizyonu maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir. Odur ki, Strategiya özündə beş strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləmişdir: (i) Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi; (ii) Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi; (iii) Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması; (iv) Maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi; (v) Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.

Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də kiber dayanıqlığın gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər