Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icra tədbirlərini davam etdirir. Əhalinin maarifləndirilməsinə, onların maliyyə savadlılığının artırılmasına və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin formalaşdırılmasına yönəlmiş bu tədbirlər zamanı müasir intellektual vasitələrdən də istifadə olunur.
Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “Təmassız ödəniş kartları” haqqında öyrədici animasiya yerləşdirmişdir. Animasiyanın hazırlanmasında əsas məqsəd təmassız ödəniş kartların üstünlükləri və yaratdığı imkanlar, bu kartlardan təhlükəsiz istifadə qaydaları barədə əhalini məlumatlandırmaq və onların bu sahədə savadlılığını artırmaqdır.
Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/110?cat=Blocks&file=0
Mərkəzi Bank istehlakçıların maliyyə savadlılığının artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsini dəstəkləyən müxtəlif maarifləndirmə və təbliğat-təşviqat tədbirləri keçirməklə yanaşı, bu məqsədlə yaratdığı “Maliyyə savadlılığı” portalının məzmunu da mütəmadi zənginləşdirilir. Bu portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.