Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta bazarında korporativ idarəetmə və qanunvericiliyə əməl olunması ilə bağlı nəzarət tədbirlərini davam etdirir.
Banker.az AMB-yə istinadən xəbər verir ki, aparılan yoxlamalar nəticəsində bir neçə sığorta şirkəti və onların məsul şəxsləri ilə bağlı qərarlar qəbul olunub.
Belə ki, “Qala-Həyat” Sığorta Şirkəti ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-də “Sığortaçılarda korporativ idarəetmə standartları”na əməl olunmaması faktları qeydə alınıb. Bununla əlaqədar hər iki şirkətə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən icrası məcburi olan yazılı göstərişlər verilib.
Bundan başqa, “Atəşgah” Sığorta Şirkəti ASC-nin vəzifəli şəxsləri tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulması müəyyən edilib. Mərkəzi Bankın qərarına əsasən həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə uyğun olaraq 300 manat məbləğində cərimə olunublar.








