15 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bankdan açıqlama: 10 manatlıq əsginası 100 manata satmaq olar

“Milli valyutanın öz nominalından artıq qiymətə satışa çıxarılması qanunvericiliklə qadağan deyil”.

Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Ötən gün sosial mediada A10001001 seriyalı 10 manatlıq əsginasın 100 manata satışa çıxarılması ilə bağlı məsələyə AMB-dən aydınlıq gətirilib.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları respublikanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir:

“Mülki Məcəlləyə görə pullar da əşyadır. Mülki dövriyyədən çıxarılan və ya dövriyyəsi məhdudlaşdırılan (dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən) əşyalar istisna olmaqla, əşyanın mülkiyyətçisi onu sərbəst surətdə özgəninkiləşdirə, yəni sata, dəyişdirə və ya digər üsulla müqəddəratını təyin edə bilər. Odur ki, milli valyutanın öz nominalından artıq qiymətə satışa çıxarılması qanunvericiliklə qadağan deyildir”.

“Əgər milli valyuta öz nominalından yüksək qiymətə satışa çıxarıla bilərsə, xarici valyutalar üzrə proses necə tənzimlənir?” sualına da AMB-dən cavab verilib.

“O ki qaldı Azərbaycan Respublikasında xarici valyutaların nominal dəyərindən artıq qiymətə satılmasına bildiririk ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. Valyuta mübadiləsi fəaliyyəti isə məhz Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi əməliyyatıdır”.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər