13 C
Baku
Tuesday, May 7, 2024

Mərkəzi Bankdan banklar və sığorta səhmdarlarına TÖVSİYƏ

Azərbaycan Mərkəzi Bankı bank, sığorta, BOKT, investisiya şirkətləri və kredit ittifaqları səhmdarlarının ali yığıncağı – səhmdarların ümumi yığıncağını onlayn keçirilməsini üçün minimum tövsiyəsini açıqlayıb.

Banker.az Mərkəzi Bankın təqdim etdiyi Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimatını təqdim edir:

  1. Ümumi müddəalar

1.1. Bu Təlimat fövqəladə hallarda, o cümlədən pandemiya şəraitində səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının (bundan sonra – ümumi yığıncaq) onlayn keçirilməsinin mümkünlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) daxil olan müraciətlər nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Təlimat ümumi yığıncaqların məsafədən (onlayn) keçirilməsi ilə bağlı minimum tövsiyələri müəyyən edir.

1.3. Azərbaycan Republikasının ərazisində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinə tövsiyə edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmçinin “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və s. qanunlarının tələblərini, habelə bu Təlimatı nəzərə almaqla ümumi yığıncaqların məsafədən (onlayn) təşkili, keçirilməsi və qərarlarının qəbuluna dair daxili reqlament qəbul etsinlər.

1.4. Bu Təlimat Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qiyabi səsvermə qaydasında keçirilən ümumi yığıncaqlara şamil edilmir.

1.5. Bu Təlimat növbəti və növbədənkənar ümumi yığıncağın təşkili, keçirilməsi, qərarların qəbul edilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini istisna etmir.

  1. Ümumi yığıncağın məsafədən (onlayn) keçirilməsi

2.1. Ümumi yığıncağın onlayn keçirilməsi nəzərdə tutulduqda aşağıdakı şərtlərin yerinə yetirilməsi təmin edilir:

2.1.1. ümumi yığıncaqda səhmdarların bərabər iştirak hüququ təmin edilir;

2.1.2. ümumi yığıncağının çağırılması barədə səhmdarlara göndərilən bildirişdə Mülki Məcəllənin 107-1.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı ümumi yığıncağın təşkil ediləcəyi onlayn platforma (proqram) və ümumi yığıncağın video qeydiyyatının aparılması barədə məlumat, ümumi yığıncağın onlayn keçirilməsi ilə bağlı digər zəruri məlumatlar, o cümlədən ümumi yığıncağa qoşulma linki (bu mümkün olmadıqda linkin əlavə olaraq göndərilməsi barədə məlumat), yarana biləcək texniki problemlərin qarşısını almaq məqsədi ilə müəyyən olunan texniki təchizat və proqram təminatına dair tələblər, həmçinin platformadan istifadə ilə bağlı aydın şəkildə ifadə edilmiş təlimat əks olunur;

2.1.3. ümumi yığıncağın keçirilməsindən əvvəl proqram təminatının səhmdarlara ümumi yığıncağın gedişatını fasiləsiz izləmək imkanını verməsi və ümumilikdə platformanın sazlığı yoxlanılır;

2.1.4. qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən və tənzimlənən bazarda ticarətə buraxılan emintentlər tərəfindən ümumi yığıncağın onlayn çağırılması barədə məlumatlar qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində yerləşən “Məlumatların Elektron Açıqlanması Sistemin”də açıqlanır;

2.1.5. ümumi yığıncağın gedişatı zamanı onun fasiləsiz olaraq texniki dəstəyi təmin edilir;

2.1.6. səhmdarın və ya səhmdar ümumi yığıncaqda vəkalətli nümayəndəsi vasitəsi ilə iştirak etdikdə nümayəndənin eyniləşdirilməsi təmin edilir;

2.1.7. ümumi yığıncağın gedişində səhmdarlara proqram təminatının texniki imkanları nəzərə alınmaqla yazılı və ya şifahi şəkildə fikrini ifadə etmək imkanı təmin edilir;

2.1.8. ümumi yığıncaqda səsvermə üsulu əvvəlcədən müəyyən olunur və səhmdarlara müvafiq izah verilir. Səhmdarın ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməsi (lehinə, əleyhinə, bitərəf) təmin edilir;

2.1.9. səsvermə bir neçə yolla – ümumi yığıncağın təşkil edildiyi onlayn platformanın texniki imkanlarına uyğun olaraq həmin platforma daxilində (müxtəlif reaksiya funksiyaları ilə, çatda yazmaq və ya əvvəlcədən müəyyən edilmiş digər üsulla) və ya əlavə sorğu linki vasitəsilə təşkil edilə bilər;

2.1.10. onlayn keçirilmiş ümumi yığıncağın, o cümlədən səsvermə prosesinin video qeydiyyatı aparılır və qanunvericiliklə müəyyən edilmiş qaydada arxivləşdirilir;

2.1.11. səhmdarların ümumi yığıncağının protokolunda ümumi yığıncağın onlayn keçirilməsi barədə qeyd olunur.

2.2. Ümumi yığıncağın məsafədən (onlayn) keçirilməsinin əvvəlcədən planlaşdırılmadığı hallarda və ya linkin bildirişdə təqdim edilməsi mümkün olmadıqda müvafiq olaraq bu Təlimatın 2.1-ci bəndində nəzərdə tutulmuş məlumatların və linkin ümumi yığıncağın keçirilməsi gününə ağlabatan müddət qalmış səhmdarlara təqdim edilməsi təmin olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər