12 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankdan icbari avtosığortadakı dəyişikliklə bağlı açıqlama

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərlərin tənzimlənməsi və sığorta haqqı məbləğlərinin hesablanması digər qanunuvericilik aktları ilə yanaşı 2011-ci ildə qəbul edilmiş İcbari Sığortalar haqqında Qanunla tənzimlənir.

Qanun qəbul edilkdən sonra ölkədə AVSMMİS sahəsində elektronlaşma tədbirləri həyata keçirilmiş, sığorta şəhadətnamələrinin elektron qaydada əldə edilməsi, bu sahədə sığortalanmaya dövlət nəzarətinin həyata keçirilməsi elektron mexanizmlərlə təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində ölkədə təqribən 1,4 milyon avtonəqliyyat vasitələrinin istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta təminatına alınmışdır. Bu sığorta sinfi üzrə 2021-ci il ərzində baş vermiş 69 min sığorta hadisəsi nəticəsində şəxslərin əmlakına və səhhətinə dəyən zərərlər üzrə 74 mln. manat həcmində sığorta təzminatı sığorta şirkətləri tərəfindən şəxslərə ödənilmişdir.

Mərkəzi Bank digər sahələrdə olduğu kimi AVSMMİS sahəsində də uğurlu beynəlxalq təcrübələrdən faydalanaraq istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və nəticə etibarilə sığortaya inamın gücləndirilməsi məqsədilə islahat təbirlərini davam etdirir. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilmişdir.

Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir. Bu qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir. Bu xidmət keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcəkdir.

Eyni zamanda, AVSMMİS sahəsində islahatlar çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq sığorta haqqı məbləğlərinin hesablanması üzrə qaydalara da dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar – sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.

Həmçinin müvafiq qaydalarda müəyyən olunmuş bonus-malus sisteminə (sığortalının hadisə törədib törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) də dəyişikliklər edilmiş və onun real vaxt rejimində tətbiqi nəzərdə tutulmuşdur. Tətbiq edilən yeni bonus-malus sistemi nəqliyyat vasitəsi sahiblərinin avtomobillərini idarə etdikləri zaman şəxslərin əmlakına və səhhətinə zərər vurmamaları məqsədilə daha məsuliyyətli olmağa təşviq edir.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə AVSMMİS sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər