14 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bankdan proqnoz: ölkənin cari əməliyyatlar balansında ilin sonuna $5.3 mlrd. profisit yaranacaq

Azərbaycan Respublikasının Tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.

Yenilənmiş proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5.3 mlrd. ABŞ dolları, 2025-ci ilə isə 5.5 mlrd. ABŞ dolları olacağı gözlənilir.

Cari ildə valyuta bazarında sabitlik qorunmuş, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilmişdir. Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir.

Bununla belə ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln. ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalmışdır.

Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılmışdır. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər